Millət vəkili Zahid Oruc bir neçə gün öncə təmsil etdiyi Bərdə bölgəsində 3 Qarabağ əlilinin fərdi evinin açılış mərasimində iştirak edib. Bu barədə Modern.az-a məlumat verən deputat deyib ki, 2010-cu il ərzində Bərdədə 17 Qarabağ əlilinə fərdi evlər tikilib. Artıq onların tikintisi başa çatıb və həmin insanlara təqdim olunur.
"İcra Hakimiyyətinin rəhbərliyi ilə bərabər keçirilən mərasim həm də geniş əhali kütləsi ilə görüş oldu. Qarağacı kəndində birinci qrup Qarabağ əlili Xaqani Ağayev və Mirəzizli kəndində Nürəddin Şirinov, Qafarlı kəndində Şahlar Məmmədov evlə təqdim edildi. Şübhəsiz ki, Qarabağ uğrunda döyüşlərdə həyatının müəyyən bir hissəsini qurban vermiş və yaxud fiziki itkilər vermiş bu insanların dövlət tərəfindən qiymətləndirilməsi çox mühüm bir hadisədir. Bu, dövlət rəhbərliyi tərəfindən yürüdülən siyasətin mühüm göstəricisidir və 2011-ci ildə belə tikintinin həmin kateqoriyadan olan insanlar üçün davam etdirilməsi nəzərdə tutulur. Bu çox yaxşı bir məsələdir və bildiyim qədər ölkə üzrə bu cür təminatı olmayan insanların sayı 4900-ə qədərdir. Cənab prezident tərəfindən müvafiq nazirlik qarşısında vəzifə oyulub ki, bu işlər 2011- ci il və 2012-ci ilin ortasında artıq başa çatmalıdır. Bu mənada bütün Qarabağ əlillərinin evlə təminatı həyata keçirilməlidir, o cümlədən bunun müəyyən bir hissəsi Bərdədə realaşır”.
Z.oOruc deyib ki, o, millət vəkili olaraq Bərdə rayon İcra Hakimiyyətinin ildə bir dəfə keçirilən hesabat yığıncağına da qatılıb.
“Bundan başqa, xarici donor olan OXFAM təşkilatının Bərdədə həyata keçirmək istədiyi müxtəlif layihələrlə əlaqədar bu qurumun nümayəndələri ilə görüşdüm”.
Deputat deyib ki, Bərdənin bir neçə kəndində qaz çəkilişi də başa çatıb və yaxın günlərdə açılış mərasimləri keçiriləcək. “Bununla da Bərdənin artıq qazlaşmış kəndlərinin sayı 22-yə çatacaq. Qazlaşdırma ilə bağlı işləri 99,9 faiz başa çatmış daha 8 kəndimiz var”.
Modern.az