Modern.az

«Eurovision-2011»in milli finalçısı: "O mahnını mənə amerikalı və isveçrəli bəstəkarlar yazıb"

«Eurovision-2011»in milli finalçısı: "O mahnını mənə amerikalı və isveçrəli bəstəkarlar yazıb"

Ölkə

31 Yanvar 2011, 15:25

Milli seçim turları başa çatmaq üzrə olsa da, Azərbaycandan «Eurovision-2011»-də təmsil olunacaq namizədin adı hələki bəlli deyil. Təşkilatçılar vaxtı uzadaraq “beşliy”in sonadək mübarizə aparacağına qərar veriblər. Amma səs çoxluğu və pərəstişkarlarının sayına görə, bu “beşlik”də favorit sayılan İlhamə Qasımovadır.
Modern.az-a müsahibə verən İlhamə Qasımova planlarından danışıb:

- Azərbaycanı bu möhtəşəm müsabiqədə təmsil etmək şansı qazansan, özünü neçənci yerdə görürsən?

- Mən ancaq qalibiyyət haqqında düşünürəm. Elə müsabiqəyə də məhz bu məqsədlə qatılmışam. Tək amalım Azərbaycanı bu beynəlxalq yarışmada birinci etməkdir. Ona görə də bu müsabiqədə uğur mənimlə olacaq. 
  
- İctimai Televiziyada sonuncu çıxış edən sən oldun. Yarızarafat, yarıgerçək duet oxumaq söhbətinə də toxundular. Sənə namizədlərdən biri ilə duet oxumaq qərarı verilsə, bu qərarı necə qarşılayarsan?

- Təbii ki, qızla-qızın dueti uğurlu alınmaz. Amma bir dəfə «Eurovsion» tarixində bunu İsraillə Fələstin sınaqdan keçirdi, çox da uğurlu alındı. Çünki burada siyasi məqsəd var idi. Bu iki dövlətin bir-biriylə münaqişəsi vardı axı. Amma bizdə belə bir duet uğurlu alınmaz.

- Niy
ə?

- İştirakçılardani yalnız biri oğlan olduğundan onunla duet qərarı verilə bilər. Bu da Eldar Qasımovdur. Amma bilmirəm onun mənimlə səs tembrim, xarici görünüşüm, iİfa tərzim nə dərəcədə uyğun gələcək. Ümumiyyətlə, duetdə sadaladığım bu xüsusiyyətlər vəhdət təşkil etməlidir. Amma mən münsiflərin işinə qarışa bilmərəm. Bəlkə bu dueti kimsə professional şəkildə hazırlaya biləcək. Əgər bu Azərbaycan üçün uğur gətirəcəksə, mən can-başla bu duetə razıyam.
 
- Səncə avropalıları necə təəccübləndirmək olar?

- Ümumiyyətlə, Avropada texnika o qədər sürətlə inkişaf edib ki, orada hansısa tryukla tamaşaçını ələ almaq çətin məsələdir. Sadəcə, gözəl bir şou ilə Avropa tamaşaçısının diqqətini cəlb etmək olmaz. Düşünürəm ki, biz başqa vasitələrdən istifadə etməliyik.
 
- Məsələn?

- Avropalıların ürəyinə gözəl ifa ilə yol tapa bilərik. Gözəl görüntü də olsa, bu vəhdət tamamlanar. Məsələn, uçaraq səhnəyə daxil olmaq və sair. Onu da deyim ki, ötən il Almaniyanın bu müsabiqədə uğur qazanmasının bir əsas səbəbi də Lenanın oxuduğu mahnının qəlbəyatımlılığında idi. Həmçinin o, Dima Bilanla promoturlarda iştirak etdi. Bu da onun gələcək qələbəsində mühüm rol oynadı. Demək olar ki, Lena «Eurovision» səhnəsinə çıxanda hamı onu tanıyırdı. Bu da mühüm amildir.

- Hələlik Azərbaycanın yarışmaya hansı mahnı ilə qatılacağı bilinmir. Səncə, hansı janrda və stildə mahnı seçsək, uğura nail olmuş olarıq?

- Bunu peşəkarlar cavablandıra bilər. Amma mənim fikrimcə, avropalılara yad olan bir musiqi ifa etməməliyik.

- Necə fikirləşirsən, musiqidə milli notlardan - elə muğam parçasından istifadə etsək, uğur qazanmaq olar?

- Nİyə də olmasın, sadəcə olaraq bundan məharətlə və peşəkarcasına bəhrələnmək lazımdır. Bizim muğamımızdan heç yerdə yoxdur. Muğamımız birinci ledimiz, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın sayəsində dünya çapında tanınıb, təmsil və təbliğ olunur. Biz musiqiçilər niyə bu təbliğatı genişləndirməyək... Mən çox istərdim ki, möhtəşəm yarışmada ifa edəcəyimiz mahnıda milli notlar olsun.
 
- İlhamə, səni estrada ifaçısı kimi tanıyırıq. Maraqlıdır, özünü başqa janrlarda sınaya bilərsənmi?

- Mən bir dəfə özümü rəfiqəm Aygün İsmayılova ilə vokal janrında sınamağa çalışmışam, hətta Aygünə dedim ki, sənin müəlliminin yanına gedib bu janrda səs imkanlarımı yoxlayacağam. Mənə elə gəlir ki, pis alınmaz. Elə Aygünə də demişəm ki, vokal oxusam, səni geridə qoyaram. Əlbəttə ki, zarafat edirdim.   

- Solo çıxışında ilk ifan daha çox bəyənildi. Bildiyimə görə, həmin mahnı əcnəbi bəstəkarın məhz sənin üçün yazdığı musiqi idi?

- Sözün açığı, mən o mahnıda səs imkanlarımı ürəyim istəyən kimi göstərə bilmədim. Bunun da səbəbi səhhətimdə yaranan problemlər idi. Bu mahnının müəllifləri amerikalı Çarli Meysen və isveçrəli Cones Sanderdir. Onlar bu mahnını mənə səsimi dinlədikdən sonra yazıblar. Onu da deyim ki, xaricdə mahnılar ona görə hitə çevrilir ki, bəstəkarlar mahnını müğənninin səs imkanlarını öyrəndikdən sonra yazırlar. Bu da uğur gətirir.   
 
- Gəl bir az da hobbindən, əyləncəndən danışaq. Maraqlıdır, hobbin nədir, boş vaxtlarında neyləyirsən?

- Hobbim yatıb, yorğunluğumu çıxarmaqdır. Amma zarafat edirəm, hobbim avtomobil idarə etməkdir. Mən yüksək sürəti çox sevdiyimdən bu istəyimi az-az gersəkləşdirirəm. Yalnız uzaq yola çıxanda yüksək sürətlə maşını idarə edirəm.

- Kədərli anlarında hansı müğənnini və yaxud musiqini  dinləyəndə rahatlıq tapırsan?

- Mən kədərli olanda mahnı dinləmirəm. Bunun da səbəbi var. Əgər lirik mahnıya qulaq asıramsa, bu daha da məni duyğulandırır. Buna görə də mən kədərlənəndə adətən hansısa kinoya baxmaqla əhval-ruhiyyəmi yüksəltməyə çalışıram.

- Sonda yenə də qayıdaq gündəm olan məsləyə. «Eurovision-2011»də Azərbaycanı təmsil edəcək ifaçının adı tezliklə bilinəcək. Belə çıxır ki, intizarla bir neçə gün münsiflərin qərarını gözləmək lazımdır. Narahatlıq keçirirsən?

-Yox, mən özümü göstərmişəm. Çıxışımla istedadımı ortaya qoymuşam. Qalır münsiflərin qərarına. Yəqin ki, kimi layiq bilərlərsə, onu da göndərəcəklər. Təki Azərbaycan üçün uğurlu olsun.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı