Misir prezidentinin Xırdalandakı heykəli getdikcə başağrısına çevrilir
Misirdə prezident Hüsnü Mübarəkə qarşı baş verən xalq üsyanı neçə gündür dünya siyasi gündəminin əsas mövzusudur. Bu hadisələrdən sonra geniş ictimaiyyətə bəlli olub ki, Bakıda, Xırdalan şəhərində Hüsnü Mübarəkin heykəli, həyat yoldaşı Syuzan Mübarəkin adına isə məktəb var. Misirdə bu 30 ildə Mübarəkə qoyulmuş heykəlləri nəzərə almasaq, ərəb liderinin xarici ölkələrdə çox nadir hallarda heykəlləri qoyulub. Onlardan biri də Bakı şəhərində Misir-Azərbaycan dostluğu çərşivəsində yapılıb.
Hazırda Misirdə gedən proseslər bir sualı gündəmə gətirib: Hüsnü Mübarək devriləcəyi təqdirdə onun Bakıdakı heykəlinin taleyi necə olacaq?
Modern.az heykəlin taleyinə aydınlıq gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Nazirliyin müvafiq şöbələrilə əlaqə yarada bilməsək də, mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevayla danışdıq. Z.Əliyeva bildirdi ki, abidənin taleyini dövlət həll edəcək.
“Bu məsələnin necə olacağı barədə bir şey deyə bilmərikm, bu bizim məsələmiz deyil, bunun üçün dövlət var, hökumət var”-deyə Z .Əliyeva vurğulayıb.
Qeyd edək ki, artıq heykəlin götürülməsi üçün ictimai müzakirələr başlayıb. “Facebook” sosial şəbəkəsində, digər paylaşma xətlərində heykəlin taleyi fəal şəkildə müzakirə edilir.
Bu gün müxalifət partiyalarının daxil olduğu İctimai Palatanın üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhmməd Əmin Rəsulzadənin doğum günündə onun Novxanıdakı abidəsini ziyarət edərkən Mübarəkin abidəsindən danışıblar. Mərasimdə çıxış edən İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Xırdalan şəhərində Misir prezidenti Hüsnü Mubarəkə qoyulmuş abidənin sökülməsini, Azərbaycan məktəblərindən birinə onun xanımının adının verilməsi barədə qərarın ləğvini tələb edib.
Sədaqət Süleymanova