Modern.az

Şaumyanın arzusunu gözündə qoyan qəhrəman!

Şaumyanın arzusunu gözündə qoyan qəhrəman!

Ölkə

1 Fevral 2011, 12:44

Erməni Andronik Ozanyanın ordusunu darmadağın edən Sultan bəyin bu il yubleyidir

2011-ci ildə XX əsrin əvvələrində yaşamış xalq qəhrəmanı  Sultan bəy Xosrovovun anadan olmasının 140-cı ili tamam olur.

Sultan bəyin yubileyinin təntənəli surətdə keçirilməsi ilə əlaqədar Laçın rayonunun bir qrup ağsaqqal və ziyalısının təşəbbüsünü nəzərə alaraq Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov  «Sultan bəyin anadan olmasının 140 illik yubileyinin qeyd edilməsi haqqında» 01 dekabr 2010-cu il tarixli 80 №li Sərəncam qəbul edib. Bu barədə Modern.az saytına Laçın rayon İcra Hakimiyyəti başçısının müavini Bəsti Nəcəfli məlumat verib.

Müavinin sözlərinə görə, həmin sərəncamla yubileyin keçirilməsi ilə  əlaqədar təşkilat komitəsi yaradılıb və tədbirlər planı hazırlanıb. Plana uyğun olraq Azərbaycan Texniki Universitetinin «Tarix» kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov tərəfindən Sultan bəy və qardaşı Xosrov bəyin həyat və fəaliyyəti ilə bağlı arxiv materiallarının toplanması, tədqiqat və araşdırmalar aparlıması işinə başlanılıb. Artıq bu materiallar əsasında Ş.Qasımov Sultan bəy haqqında kitabın üzərində işləyir. Sultan bəyin həyat və fəaliyyətindən bəhs edən film üzərində də iş gedir.

2010-cu ilin dekabr ayından kütləvi informasiya vasitələrində Sultan bəy haqqında materiallar verilir. Artıq «Azərbaycan», «Xalq qəzeti» və «Laçın» qəzetində bununla bağlı geniş məqalələr verilib. «Laçın» qəzetində «Sultan bəy - 140» rubrikası açılıb.

Bu ilin yanvar ayının 28-də rayon İcra Hakimiyyətində rayon ziyalılarının, Sultan bəyin qohumlarının və əlaqədar təşkilatların nümayəndlərinin iştirakı ilə «dəyirmi masa» keçirilib. Burada təşkilat komitəsi tərəfindən tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrası vəziyyəti, Sultan bəyin 140 illik yubileyi ilə əlaqədar görüləcək işlər bir daha müzakirə edilib, rəy və təkliflər dinlənilib. «Dəyirmi masa»da irəli sürülən bir çox təkliflər tədbirlər planına əlavə olunub.

Bu təkliflərdən Sultan bəyin adının əbədiləşdirilməsi, Türkiyədə olan qəbrinin abadlaşdırılması, hərbi sahədə müvəffəqiyyətlərə görə «Sultan bəy» adına mükafatın təsis edilməsi, Sultan bəyin anadan olduğu kəndə onun adının verilməsi və.s göstərmək olar.

Sultan bəyin yubileyi  ilə əlaqədar olaraqmu ilin fevral-mart-aprel aylarında rayonun tədris müəssisələrində qəhrəmanlıq mövzusunda inşa, yazı, rəsm müsabiqələri, güləş və boks üzrə yarışlar, hərbi idman oyunları, mədəniyyət müəssisələrində şeir və mahnı ifaçılığı müsabiqələri, geniş elmi-praktik konfrans və.s tədbirlər həyata keçiriləcək. Aprel ayında Bakı şəhərində təntənəli yığıncaq keçirilməsi ilə yubileyin yekunlaşdırılması nəzərdə tutulur.

Kimdir Sultan bəy?

X1X əsrin sonu XX əsrin əvəllərində Zəngəzur bölgəsindəki öz sücaəti, mərdliyi və igidliyi ilə xalq arasında böyük hörmətə və nüfuza malik olan Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (hazırda Laçın rayonunun Kürdhacı kəndində) anadan olub.

Gəncə şəhərində gimnaziyada orta təhsilini tamamlayaraq, o dövrün ən mükəmməl məktəblərindən olan Sankt-Peterburq Hərbi Akademiyasına daxil olan Sultan bəy naməlum səbəblərə görə məktəbi bitirməyib və o, anadan olduğu doğma kəndinə qayıdıb. 

Sultan bəyin milli qəhrəman kimi xalq arasında ad qazanması 1905-1906-cı illər erməni-müsəlman hadisələri ilə başlayır. Özünün qorxmazlığı və cəsarəti ilə tez bir zamanda bölgənin igid oğullarını ətrafına toplayan Sultan bəy həmin dövrdə yağı düşmənin geri oturdulmasında xüsusi rol oynayır.

Təkcə bir faktla  1905-1906-cı və 1918-1919-cu illər erməni-müsəlman hadisələrində  Sultan bəyin necə bir sücaət göstərdiyini aydın görmək olar.

1919-cu ilin fevral ayında Sultan bəyin rəhbərlik etdiyi silahlı dəstələr Laçının Zabux dərəsində erməni generalı, müsəlmanalırn qatı düşməni Andronikin  təxminən 30 minlik daşnak ordusunu darmadağın edərək bununla da Andronikin Qarabağı, sonra isə Gəncəni tutaraq Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşib Şimali Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst edib.

Sultan bəy və onun qardaşı - Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri, ikinci hökumətdə əkinçilik naziri və Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur və Qarabağ deyil, Kəlbəcər, Basarkeçər və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri olub.

Mühacirətdə vəfat edən qəhrəman

Hələ sağlığında əfsanəvi xalq qəhrəmanı adı qazanan Sultan bəy çox təəssüf ki, sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşayıb. 

Mühacirət həyatının ilk illərində İranda olmuş, lakin sonralar Sovet İmperiyasının göndərdiyi cəsuslar tərəfindən təqib olunduğundan 1923-cü ildə Türkiyə dövlətinin ərazisinə keçirb. Sultan bəy 1955-ci ildə Türkiyədə Qars vilayətinin Köçqoy kəndində vəfat edib. Sultan bəy mühacirətdə olarkən ailəsi təqib edilib. 1937-ci ildə həyat yoldaşı, 3 oğlu və bir qızı Qazaxıstana sürgün edilib. Onlar 1956-cı ilədək sürgün həyatı yaşayıblar.

Uzun illər totalitar sovet rejimi dövründə neçə-neçə qəhramanlarımızla bərabər fəaliyyətini öyrənilməsi yasaq edilən Sultan bəy və qardaşı Xosrov bəy haqqında geniş tədqiqat işi və araşdırma aparılmayıb. Azərbaycan Dövlət Arxivində və yazılı ədəbiyyatda məlum səbəblərdən Sultan bəy haqqında geniş materiala rast gəlinmir. Əldə olunan materiallara daha çox yaşlı nəslin söhbətləri və qeydləri əsasında toplanılıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı