Modern.az

Başqanın qəlyanının tüstüsü...

Başqanın qəlyanının tüstüsü...

Ölkə

1 Fevral 2011, 17:04

Müsavatda baş verənlər haqda bir neçə şərh yazmışam. Etiraf edim ki, onların hər birində də yazı boyu Müsavat başqanı İsa Qəmbərin əleyhinə «qırmızı xətt» hiss olunub. Çünki istefa verənlərin səbəb kimi göstərdiyi AXCP-Müsavat birləşməsi ideyasından imtina (mənim bu ideyanı dəstəkləməyim anlamına gəlməsin), partiyanın uzun illər ərzində heç bir hədəfə yetişməməsi və buna səbəb kimi göstərilən məsələlərin əksəriyyəti ilə razılaşmışam. Razılaşdığım məsələlər nə idi?
İsa Qəmbər müxalifətin, və ya hansısa qüvvələrin birləşməsi zamanı kimin harada ona qıyqacı baxması kimi məsələləri əsas götürür. Bu, 2010-cu ilin seçki prosesində özünü aydın göstərdi. İqbal Ağazadə, Lalə Şövkət, Əli Əliyev, yeri gələndə Sərdar Cəlaloğlu könüllü olaraq bu birləşməyə hazır olduqlarını bildirdikləri halda İsa Qəmbər onları «xain» elan edib, oyundankənar vəziyyətə saldı. Səbəb nə imiş?
Bu adamlar hakimiyyətə həqiqi müxalifətin sirrini ötürəcəkmiş. Hansı sirrini? Hansı planlarını? Piket keçirərkən metronun hansı küncündə yığışıb, harada dağılışacaqlarınımı? Məntəqə seçki komissiyalarına neçə adam göndəcəklərinimi?

İnsanlar haqlı olaraq səbəbdən çox nəticə ilə maraqlanır və buna uyğun davranırlar. Bu dəfə də belə olub. Elə mənim özümün də İsa Qəmbərin nazıyla oynamağa məcbur olan, daha dəqiq desək, bu ilki seçkilərdə Müsavat rəhbərinin iddialarının əlində girinc qalan bütöv bir düşərgənin vəziyyətini indi təhlil etməyim də buna sübutdur.
İsa Qəmbər «Ümid»i, ALP-ni, VİP-i, ADP-ni seçki ərəfəsində müxalifətçilikdən «silib atanda» və hələlik onun xeyrinə işləyən vəziyyətdən istifadə edib, bu qüvvələri «iflic» vəziyyətə salanda mən bunun hansısa ciddi nəticəyə hesablanmış ardıcıl addımlar olbuğunu az da olsa, ehtimal edərək gözləmişdim. İndi isə nəticə ortadadır: İsa Qəmbərin, elə onun «müxalifətdən qovduğu» insanların da əsil müxalifət hesab etdiyi düşərgə parlamentə düşmədi. Beləliklə də İsa Qəmbərin güya parlament seçkilərində böyük qələbəyə yönəlik planı iflasa uğramış oldu.

Soruşmaq olar, əgər nəticə parlament seçkilərində qələbə olmayacaqdısa, (burada «qələbə» sözü ən yaxşı halda doqquz-on deputat yerini ifadə edir) onda bu həngamə nə üçün idi?
Yəni İsa Qəmbərin «təmizləmə» əməliyyatından elə başa düşmək olardı ki, indiyəcən müxalifətə mane olan, əl-qolundan sallanan bu adamlar imiş və onlardan qurtulan kimi AXCP, Müsavat, KXCP və sair kimi əsil müxalifət böyük nailiyyətlər əldə edəcək. Amma bu, olmadı. Əksinə, müxalifət 2010-cu il seçkilərindən faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış bir vəziyyətdə çıxdı. Bumeranq effekti də işə düşdü: Müsavatdan istefalar başladı. Əvvəlcə rəhbərlikdə təmsil olunan əhəmiyyətli simalar, sonra isə əhəmiyyətli özək təşkilatlar...
Səbəblər açıq göstərilir: indiyədək yol verilmiş səhvlər dayandırılmalıdır. Müxalifətin parçalanmasına yönəlik addımlar, partiyada avtoritar fikrin hakimliyi və sair. Bir vaxtlar başqanın müsbət imicini formalaşdıran şəxsi keyfiyyətləri də artıq ziyana işləməyə başlayıb: prinsipiallıq özünəvurğunluq və avtoritarlıq, təmkinlilik astagəllik və arxayınçılıq kimi şərh olunur. Hətta bir vaxtlar başqanın ən üstün keyfiyyətlərindən sayılan hazırcavablılığı da insanları bezdirib: biz «KVN»-şik deyilik ki...
Ən əsas narazılıq da başqanın imicinin ən mühüm elementlərindən olan qəlyanınadır. İnsanlar haqlı olaraq iclaslarda və tədbirlərdə başqanın qəlyanının tüstüsündən nəfəs almaq mümkün olmadığını deyirlər. Deyirlər ki, Mehman Cavadoğlunun iclas boyu bir-birinə calanan popirosunun tüstüsü də başqanın qəlyanının tüstüsünə qarışır və dumandan göz-gözü görməyir. Nə həll edirlər, nə yıxıb, nə qururlar?

Əlbəttə, Müsavat sadəcə iqtidarın planına düşərək, parlamentə beş-altı yer qazansaydı, bu «tüstü» məsələsi də yada düşməyəcəkdi. Amma neyləməli, təsadüfi qələbələrə bel bağlamaq olmaz. Ölçülü, bilçili, böyük məqsədlərə yönəlik siyasət yürütmək lazımdır ki, bir gün tüstün gözləri çıxarmasın. Amma tüstü ki, gözləri yaşartdı, gərək sən də özünə gün ağlayasan.

    

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı