Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli Ombudsman Elmira Süleymanovanın məhkumların kütləvi azadlığa buraxılmasını nəzərdə tutan amnistiya təklifinə sərt münasibər bildirib. Modern.az-ın məlumatına görə, Ə.Hüseynli belə deyib: “İndiyədək 8 amnistiya qərarı qəbul edilib. Amnistiya aktı hansısa günlə, bayramla bağlı ola bilməz. Bu qərar qəbul edilməzdən öncə ciddi statistik araşdırmalar aparılmalıdır. Məsələn, sonuncu amnistiya aktında istiqamət də göstərilmişdi. Amnistiya şamil olunanların 60%-i qadın idi”.
Ə.Hüseynli deyib ki, ənənəyə görə amnistiya təklifi əsasən dövlət başçısı tərəfindən daxil olur. Komitə sədri gələcəkdə də bu cür təkliflərin ola biləcəyini istisna etməyib. Ombudsmanın yazılı təklifinin rəsmi qaydada Milli Məclisə daxil olduğunu deyən Əli Hüseynli onu da vurğulayıb ki, bu sadəcə bir təklifdir.
"Ombudsman amnistiya elan edilməsi barədə təkliflə çıxış edib. "Amnistiya haqqında" qanun layihəsini yalnız qanunvericilik təşəbbüsü olan şəxslər təklif edə bilərlər. Bu cür təkliflər Milli Məclisə çoxlu sayda edilir. Amma bu təklifin hüquqi qüvvəsi yoxdur. Təəssüf edirəm ki bəzi şəxslər amnistiya hüququnu dərk edə bilmirlər. Azərbaycanda amnistiya ilə bağlı qanunvericilik yoxdur. Amma belə bir institutut, təcrübə var. Acı təcrübəmiz də var – 1992-ci ilin təcrübəsi".
Xatırladaq ki, 1992-ci ildə ölkə rəhəbərliyi kütləvi amnistiya tətbiq etmiş, məhkumlar həbsxalaradan çıxarılaraq cəbhəyə göndərilmişdilər. Amma sonradan onların bir qismi döyüş postlarını qoyub qaçmışdılar.
Modern.az