ADP müxalifəti bir araya yığmaq üçün danışıqlara başlayıb
“Azərbaycan müxalifət partiyalarının dağınıqlıqdan xilas etmək lazımdır. Hazırda müxalifət partiyaları arasında müşahidə olunan pərakəndəlik effektli mübarizə aparmağa imkan vermir”. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpa edilməsi ilə bağlı təklifini Modern.az-a şərh edərkən bildirib.
ADP sədrinin sözlərinə görə, hazırda fəaliyyət göstərən İctimai Palata siyasi qurum hesab edilə bilməz. “Burada xeyli sayda ictimai qurumlar, və şəxslər toplaşıb. Bu qurum heç bir halda ölkədəkəi siyasi vəziyyətə görə məsuliyyəti boynuna götürə bilməz”-deyə S.Cəlaloğlu bildirib. Misir və Tunis hadisələrini xatırladan ADP sədri bildirib ki, xalqın etirazları başlayanda oradakı müxalifət qüvvələri pərakəndəlik üzünüdən hadisələrə rəhbərlik edə bilməyiblər.
“Azərbaycanda müxalifətin belə pərakəndəliyi risk yaradır və sosial partlayışlar olacağı təqdirdə xalqın önünə çıxma imkanlarını zəiflədir”.
Hazırda hərəkatın bərpa edilməsi üçün danışıqların getdiyini deyən S.Cəlaloğlu AXCP sədri Əli Kərimli ilə görüşdüyünü və təklifi müzakirə etdiyini bildirib.
“Əli Kərimli bu təklifə etiraz etmədi. İsa Qəmbərlə məsəəni müzakirə edəcəyini bildirdi”-deyən ADP sədri qeyd edib ki, bir sıra müxalifət partiyaları arasında müşahidə olunan soyuq münasibətləri arxa plana keçirmək lazımdır.
S. Cəlaloğlunun sözlərinə görə, yaxın həftələrdə hərəkatın yaradılması üçün aparılan danışıqların nəticələri bəlli olacaq.
Modern.az