Bir neçə gündən bəridir ki, bütün dünya ictimaiyyəti Misirdə baş verən hadisələri izləyir. Təbii ki, çoxları kimi bizlər də bu hadisələrin sonunyn necə bitəcəyini bilmirik. Bildiyimiz sadəcə bir həqiqət var: illərdən bəri xristian dünyasını ağ günə çıxararaq özü qaranlıqda qalan ərəb dünyasında misirlilərdən də pis vəziyyətdə yaşayanlar var. Odur ki, bu hadisələrin nədən Misirdə alovlanması ilə bağlı suallar da çoxdu, müəmmalar da...
Görünür, bu məsələdə də tarixi missiya yenə Misirin üzərinə düşüb...
Baş verənlərin hansı sonluqla bitəcəyini demək çətin olsa da, dünya birliyinin buna münasibəti kifayət qədər maraqlıdı. Məsələn, özlərinə sərf etməyəndə bizim “susmaq qızıldı” məsəlimizə uyğun mövqe tutan qərb dünyası bu dəfə də ənənəsinə sadiq qaldı. Misir küçələrində günahsız insanların qanı axmasına rəğmən Qərb dünyasından görüntü naminə səsləndirilən bəyanatlar daha çox “gah nala, gah da mıxa vurmaq” qənaəti yaradır.
Elə özünü dünyanın tək və şəriksiz supergücü adlandıran, bütün ölkələrə başbilənlik etməyə çalışan ABŞ-ın da Misir hadisələrinə münasibəti lazımı səviyyədə olmadı. Bu hadisələrin gedişində bir türk olaraq şəxsən mənə qürur gətirən başqa bir məqam oldu. ABŞ prezidenti Barak Obamanın Misirdəki hadisələrlə bağlı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan açıq şəkildə məsləhət istəməsi.
Bu kifayət qədər maraqlı və diqqət çəkən jest oldu.
Doğrudur, dünya siyasətində, partnyor ölkələrin əməkdaşlıq praktikasında hansısa məsələ ilə bağlı açıq və ya gizli məsləhətləşmələr olur. Amma şəxsən mənin yadıma axırıncı yüzillikdə ABŞ rəhbərliyinin heç nəyə baxmayaraq Türkiyədən açıq şəkildə məsləhət istəməsi gəlmir. Bu hadisə ona görə maraqlı deyil ki, bu məsləhət Ərdoğanın kifayət qədər nüfüza malik olduğu ərəb dünyasında baş verən hadisə ilə bağlı istənildi. Bu həm də ona görə maraqlı idi ki, bir il əvvələ qədər həmin ABŞ dövləti və onun rəhbərliyi Türkiyəyə “Ermənistanla sərhədləri aç”- deyə başbilənlik etməyə çalışırdı.
Tarix və zaman bütün gərəkən gerçəklikləri ortaya qoyur...
İçində bizim yaşadığımız tarixin bu mərhələsi də dünya birliyini öz gerçəklilikləri ilə - Türkün Böyüklüyü və Qüdrəti ilə üz-üzə qoydu...
Turkün qüdrətinin nəticəsidir ki, xristian dünyasının parası hesabına Qarsdakı erməni-türk barışının (?) simvolu kimi insanların yaddaşına sırımaq istədikləri abidənin sökülməsi qərarını Qərb dünyası sükütla qarşılamalı oldu.
Türkün qüdrətinin nəticəsidir ki Qərb dünyasının çoxdan “qara zolağ”a saldığı İranın başına bu günə qədər bombalar tökülməyib. Çünki ABŞ İraq bataqlığından çıxa bilmir. Heç çıxmaq perspektivi də yoxdur. Çünki ora Türkiyəsiz getmişdi...
Bəli, bu bir hüqiqətdir ki, bəşər övladı yarandığı vaxtdan zaman-zaman Türkün Böyüklüyünü və Qüdrətini görüb. Bəzən bu gerçəkliyi qəbul etmək istəməyənlər olsa da, ondan qaça bilməyiblər.
Bundan sonra da belə olacaq. Dünya durduqca TÜRKLÜK də, bu qüdrətin böyüklüyü də duracaq, var olacaq.
Tanrı Türkü qorusun...