Modern.az

«Azəri qızla ailə qurmaq istəyirəm»

 «Azəri qızla ailə qurmaq istəyirəm»

Ölkə

29 Oktyabr 2009, 15:13

"ƏCNƏBİ QONAQ" RUBRİKASININ QONAĞI NİGERİYALI VİKTOR EMMA MEYXANAYA QULAQ ASMAQDAN ZÖVQ ALIR 

Adı: Viktor;

Soyadı: Emma;

Təvəllüdü: 17.06.1979;

Doğulduğu yer: Nigeriyanın Detastid vilayəti;

İxtisası: elektron mühəndisliyi;

İşi: müəllim.

 

Əvvəlcə Viktorun dənizlər aşaraq Azərbaycana gəlməsinin səbəbi ilə maraqlandıq. Məlum oldu ki, futbola olan sevgisi onu Azərbaycana gətirib. Nigeriyalı qonaq deyir ki, Türkiyədə yaşayan futbolçu həmyerlisi Azərbaycanda futbolçuya ehtiyacın olduğunu bildirib və ölkəmizə gəlməsini məsləhət görüb. Amma Viktorun futbolçu kimi Azərbaycanı təmsil etmək arzusu reallaşmayıb. Futbol sevdası baş tutmasa da, Viktor geri dönməyə lüzum görməyib. Elə Bakıdakı xarici dil kurslarının birində müəllim kimi işə düzəlib. Həm də əlavə iş kimi Bakıdakı restoranlardann birində çalışır.

Deyir, Azərbaycan barədə ilk dəfə dostundan eşidib, buranı neft-qaz ölkəsi kimi tanıyıb. 

 

Sizlərin bəziləri bizə niyə “qarabala” deyir? - Azərbaycan cəmiyyətində yaşamağın o qədər də asan olmadığını deyən bu əcnəbinin sözlərinə görə, həmyerlilərimiz onu qəribə qarşılayırlar: «Nigeriya sənaye ölkəsi olduğundan orada müxtəlif millətlərin nümayəndəsi var. Ancaq sizdə digər millətlərə, xüsusilə də qaradərililərə qəribə baxırlar. Bundan sıxılıram. Hətta bəziləri bizə «qarabala» deyir. Rusiyada, Türkiyədə də olmuşam, amma qaradərililərə bu qədər qəribə yanaşma tərzinin şahidi olmamışam. Xüsusilə də oğlanlarınız bizi sevmir. Bir dəfə qaradərili  dostlarımdan biri azəri qız ilə küçədə gedərkən sizin oğlanlar ona yaxınlaşıb dava salmaq istəyiblər. Başa düşmürəm ki, bunlar nəyə lazımdır. 

“Biz dünyanı səyahət etməyi sevirik»

 

Nigeriyalılarla Azərbaycan gəncləri arasındakı fərqləri sadalayan həmsöhbətimizin fikrincə, bizim gənclər daha çox ailədən asılıdır: «Nəinki qızlarınız, hətta oğlanlarınız da xaricdə oxuyandan sonra Azərbaycana qayıtmağa üstünlük verirlər. Bu, bir tərəfdən sizin ailəyə, ölkənizə bağlılığınızdan xəbər verirsə, digər tərəfdən sizin gənclərin ailədən asılılığının nişanəsidir. Amma bizdə belə deyil. Biz dünyanı səyahət etməyi sevirik».

Viktorun diqqətini cəlb edən digər məqam isə qızlarımızın tez ailə qurmasıdır. Deyir, «heç 17 yaşında qız ailə saxlaya bilər?». Həmsöhbətimiz həm də onu bildirdi ki,  Azərbaycan qızları azad deyillər: «Ya atalarından, ya qardaşlarından, ya da həyat yoldaşlarından asılıdırlar. Hətta çox vaxt əri də qıza atası seçir. Bu zaman təbii ki, tez ailə quran, üstəlik özünün deyil, atasının istədiyi oğlana gedən qız səhvini anlayır, 1-2 ildən sonra ailəsi dağılır. Ailə dağılmasa belə atasının seçdiyi oğalanla ailə quran çox az qız xoşbəxt ola bilər. Xoşbəxt olmayan ailədə tərbiyə alan uşaqların isə ölkəyə yararlı vətəndaş olmasına inanmıram. Çox istərdim ki, sizdə atalar qızlarını pula, maşına, evə deyil, sevdiklərinə versin. Sizdən fərqli olaraq bizdə qızlar adətən 25 yaşdan sonra ailə qurmağa başlayırlar. Özü də sizdəki kimi deyil. Oğlanla qız bir il və daha çox müddət bir-birlərini tanıyırlar. Yalnız birgə yaşaya biləcəklərini dəqiqləşdirəndən sonra ailə qurmağa qərar verirlər».

 

Viktorun arzusu 

«Azəri qızla ailə qurarsanmı?» sualına Viktor «istəyərəm» desə də, bunu qismətlə bağladı. Əvvəlcə boynuna almasa da, Viktorun danışığından hiss etdik ki, «torbada pişik var». Axırda onu narahat edən fikirləri də bizimlə bölüşdü. Məlum oldu ki, nigeriyalı qonaq istədiyi qızın atasının «yox» deyəcəyindən qorxur. Həmsöhbətimiz azəri qızı ilə ailə quracağı təqdirdə Nigeriyaya qayıtmağı düşünmür: «Ya Amerikada, ya da İngiltərədə qalmaq istərdim. Həyat yoldaşım da nə vaxt istəsə, öz vətəninə gələ, valideynlərinə, qohumlarına baş çəkə bilər».

  

«Sizin insanları ancaq pul düşündürür»

 

«Azərilər pulu çox sevirlər. Məndə belə bir təəssürat yaranıb ki, sizin insanları ancaq pul düşündürür». Bu da Viktorun fikridir. Amma həmsöhbətimiz digər əcnəbilər kimi düşünür ki, bizdə qonaqpərvər insanlar çoxdur: «Keşlədə kirayədə qaldığım evin qonşuluğundakı azərilər məni çox istəyirlər. Tez-tez məni Azərbaycan milli kulinariyasına qonaq edirlər».

Əcnəbi qonağın kulinariyamızdan ən çox bəyəndiyi xörəklər dolma və kababdır. 

«Meyxanaya qulaq asmaqdan zövq alıram»

 

Onu da öyrəndik ki, 1 il 3 aydır ölkəmizin çörəyini yeyib, suyunu içsə də, Azərbaycan dilində cəmi 10-15 söz bilir. Ən çox sevdiyi sözlərdən biri isə «İnşallah» sözüdür. Azərbaycan dilində çox az söz ehtiyatı olsa da, nigeriyalı qonaq ANS-də gedən meyxana yarışmasının birini də ötürməyib. Meyxanaya qulaq asmaqdan zövq aldığını deyir. Bir də «Lider» telekanalında idmanla bağlı proqramlara, ATV-dən isə kliplərə baxır. Xoşladığı Azərbaycan müğənniləri Röya, Aygün Kazımova və Aysel Teymurzadədir. Deyir, Röyanın bütün mahnıları xoşuna gəlir. Ayselin «Always» mahnısını dinləməkdən isə doymur.     

 

«Əcnəbilər çox rahatlıqla neftinizi gəlib aparırlar»

 

Azərbaycanla Nigeriyanın neft ölkəsi olduğunu xatırladan Viktoru elə neft sahəsində də əməlli-başlı təəccübləndirmişik: «Sizdə əcnəbilər çox rahatlıqla neftinizi gəlib aparır. Hələ üstəlik, bu sahədə çalışanların xeyli hissəsi, özü də yüksək maaş alanlar əcnəbilərdir. Amma siz sakitcə durub bunu seyr edirsiniz.  Biz isə ölkəmizə neft üçün gələn britaniyalılar və amerikanlara görə hökumətlə vuruşuruq. Bizdə əcnəbiyə yerlilərdən çox maaş verən kimi dava edirik».

Ölkələrimiz arasındakı oxşar cəhətlərindən də söz açan həmsöhbətimizin fikrincə, hər iki ölkədə yaşıllara, qadınlara hörmət var: «Bizim də adət-ənənəmizdə özündən böyüyə, qadınlara hörmət etmək kimi xüsusiyyətlər var. Hətta bizdə küçədə yaşlı qadın görəndə salamlaşırıq. Sizdə isə yaşlıları salamlayanda adama qəribə baxırlar».

Öyrəndik ki, Viktor Azərbaycana ilk dəfə gəldiyi vaxtlarda yolda yaşlıları görüb salamlayırmış. Amma sonradan salamına cavab almadığından bu vərdişini yığışdırıb. 

 

Lalə MUSAQIZI

 

 

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?