Müdafiə Nazirliyi dünən qəzaya uğramış SU-25 hərbi təyyarəsi barədə rəsmi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, fevralın 3-də saat 17:25-də Hərbi Hava Qüvvələrinə məxsus SU-25 hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Təyyarənin qabaq şassisi açılmadığından, ekipaj bir neçə dəfə yerə enmək üçün təlimata uyğun bütün tədbirlərdən istifadə edib. Lakin şassi yenə də işə düşə bilməyib.
Bu müddət ərzində ekipaj komanda məntəqəsi ilə daimi əlaqədə olub. Sonda yerə enmək imkanı tükəndiyindən ekipaja təyyarəni yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilib. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşüb. Hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, hadisə Kürdmir rayonu ərazisində baş verib.
Hərbi Prokurorluqda isə SU-25 hərbi təyyarəsinin qəzaya uğraması ilə əlaqədar cinayət işi açılıb. Hərbi Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu hadisə yerindədir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.
Modern.az