Modern.az

TQDK sınaq imtahanlarında səhvə yol verildiyini etiraf etdi

TQDK sınaq imtahanlarında səhvə yol verildiyini etiraf etdi

Ölkə

4 Fevral 2011, 16:18

Ali məktəblərə hazırlaşan abituriyentlər üçün yanvarın 23-də keçirrilmiş sınaq imtahanlarından narazılıqlar var. Bununla bağlı Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına xeyli müraciət daxil olub. Modern.az-ın məlumatına görə, TQDK-dan bildirilib ki, qurumun elektron poçtuna daxil olmuş sorğularda ayrı-ayrı fənlər üzrə test tapşırıqlarının bəzilərində texniki qüsurların olması, doğru cavabın olmaması və ümumiyyətlə, tapşırıqların çətin olması göstərilib.

TQDK bəyan edib ki, 23 yanvar tarixli sınaq imtahanı əsasən cari ildə ali məktəblərə qəbul imtahanlarında riyaziyyat fənnindən istifadəsi nəzərdə tutulmuş açıq tipli test tapşırıqlarının forması və tiplərinin abituriyentlərə təqdim edilməsi məqsədilə keçirilib. Sınaq imtahanında istifadə edilmiş test tapşırıqları Təhsil Nazirliyinin təsdiq etdiyi, hazırda orta məktəblərdə qüvvədə olan tədris proqramının (5 - 11 –ci siniflər) cari ildə 11-ci sinifdə birinci yarımildə olan hissəsini əhatə edib.
”Buna görə də test tapşırıqları qəbul imtahanı üçün nəzərdə tutulmuş modeldən həm məzmun, həm də mürəkkəblik dərəcəsi baxımından fərqlənir”-deyə TQDK-dan bildirilib.

Qurum sınaq imtahanı üçün seçilmiş test tapşırıqlarının imtahandan əvvəl qapalı ekspertizası aparılmadığından, bəzi test tapşırıqlarında texniki qüsurlara yol verildiyini etiraf edib.

”Məsələn, IV ixtisas qrupunda biologiya fənnindən A variantında 93 (B variantında 85), III ixtisas qrupunda isə ingilis dili fənnindən A variantı 79 (B variantı 76) saylı test tapşırıqlarında iki distraktorda cavab təkrarlanmışdır. Tarix fənnindən II ixtisas qrupunda A variantı 32 (B variantı 40), III ixtisas qrupunda isə A variantı 53 (B variantı 64) saylı test tapşırıqlarında yanlış cavab variantlarında 5 rəqəmi səhvən verilmişdir. Lakin bu texniki qüsurlar doğru cavabın tapılmasına təsir etməmişdir.

Rus dili fənnindən I, II, IV ixtisas qruplarında A variantı 23 (B variantı 22) və III ixtisas qrupunda rus ədəbiyyatı üzrə isə A variantı 33(B variantı 31) saylı test tapşırıqlarında etalon kimi müəyyənləşdirilmiş doğru cavablardakı informasiyada səhvə yol verildiyi üçün həmin tapşırıqlar ballar hesablanarkən abituriyentlərin xeyrinə nəzərə alınmışdır. III ixtisas qrupunda rus dili fənnindən A variantı 23 (B variantı 21) saylı test tapşırığında doğru cavab iki dəfə təkrarlandığı üçün ballar hesablanarkən bu sual da abituriyentlərin xeyrinə nəzərə alınmışdır”.

TQDK sorğulara cavab olaraq bildirib ki, cari ildə ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qruplarında riyaziyyat fənnindən açıq tipli test tapşırıqlarının istifadəsi mütləqdir. Bu səbəbdən abituriyentlərə açıq tipli test tapşırıqlarına ciddi hazırlaşmaq tövsiyə olunur.

Sınaq imtahanının nəticəsi ilə bağlı, demək olar ki, iştirakçılardan Azərbaycan bölməsi üzrə 29, rus bölməsi üzrə isə 4 nəfər 600 baldan yuxarı nəticə göstərib. Açıq tipli test tapşırıqlarının hamısına isə 58 nəfər abituriyent doğru cavab verib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı