Modern.az

Baş prokuror: "Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq"

Baş prokuror: "Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq"

Ölkə

5 Fevral 2011, 11:50

Fevralın 4-də Baş Prokurorluqda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon, şəhər və ərazi hərbi prokurorlarının iştirakı ilə 2010-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda hesabat məruzəsi ilə çıxış edən baş prokuror Zakir Qaralov deyib ki, "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olub.

Kollegiya iclasında hesabat ilində 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin müvəffəqiyyətlə başa çatdırılması, müsabiqə yolu ilə prokurorluğa qulluğa qəbul olunan gənclərin kadr korpusunun 41 faizdən çoxunu təşkil etməsi islahat tədbirlərinin uğurlu nəticələri kimi dəyərləndirilib, 2011-ci ilin əvvəllərində elan edilmiş 100 ştat vahidi üzrə prokurorluqda işə növbəti 10-cu qəbulun tam şəffaf və ədalətli prosedurlar əsasında həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.
   
Xüsusi qeyd edilib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında əsassız yoxlamalar aparılması hallarının aradan qaldırılması, hüquq mühafizə orqanlarının fəaliyyətində belə lüzumsuz yoxlamalara birdəfəlik son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqlara, cari il yanvarın 27-də dövlətimizin başçısının tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş yığıncağında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar ölkə həyatının bütün sahələrində belə mənfi təzahürlərə qarşı daha kəskin və sistemli mübarizə aparılması, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması üçün müəyyənləşdirilmiş konkret tədbirlərə müvafiq olaraq, prokurorluq orqanlarının üzərinə mühüm məsuliyyət düşür.
   
Baş prokuror deyib ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə ilə əlaqədar prokurorluğun sıralarının saflaşdırılması istiqamətində işlər qətiyyətlə davam etdirilməli, əməkdaşlar tərəfindən cinayət işlərinin istintaqı və aparılan yoxlamalar zamanı rüşvət istənilməsinə, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrə, korrupsiyaya qurşanmanın əlaməti kimi dəbdəbəli həyat tərzi keçirilməsi faktlarına qarşı ən ciddi tədbirlərin görülməsi təmin olunmalıdır.

“Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq ki, digərlərindən belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun”.

İclasda konkret cinayət işləri üzrə məhkəmə baxışında dövlət ittihamçıları tərəfindən xüsusi qərarların çıxarılmasında kifayət qədər təşəbbüskarlıq göstərilməməsi, cinayət işlərinin əvvəlcədən öyrənilməməsinin dövlət ittihamının müdafiəsi işinin keyfiyyətinə mənfi təsir edən, ciddi qüsurlar kimi vurğulanıb, çatışmazlıqların aradan qaldırılması və işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilib.
Bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla, tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.
   
Bildirilib ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2010-cu ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 83 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 50 nəfərə şiddətli töhmət və töhmət elan olunub, 5 əməkdaş tutduğu vəzifələrdən azad edilib, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə görə 5 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Baş prokurorluğun əlaqədar qurumlarından və tabe prokurorlardan bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.

Diqqətə çatdırılıb ki, 2010-cu ildə qeydə alınmış ağır və xüsusilə ağır, böyük ictimai təhlükə törətməyən, adam oğurluğu, zorlama, dələduzluq, soyğunçuluq, xuliqanlıq, hədə-qorxu ilə tələb etmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, yetkinlik yaşına çatmayanlar tərəfindən və xarici ölkə vətəndaşlarına qarşı törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, adamların girov götürülməsi kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 23010 cinayətin 86,4 faizinin açılması təmin edilib.
Keçmiş illərdə törədilməklə bağlı qalan qəsdən adamöldürmə kimi 5 ağır cinayətin üstünün açılması təmin edilib. 2010-cu ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin yeni müstəvidə daha səmərəli təşkili üçün görülən işlər müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 15285 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunaraq 9784 iş məhkəmələrə göndərilib.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2010-cu ilin nəticələrinə görə, artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, qəsdən adam öldürmə cinayətlərinin sayının artması, 16 belə cinayətin, o cümlədən Şəmkir rayonunda 3, Cəlilabad rayonunda 2, Bakı şəhərinin Səbail rayonunda 2, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov, habelə Ağdaş, Qazax, Xaçmaz, Göygöl rayonlarının hər birində və Gəncə şəhərində 1 cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Tələb edilib ki, 2010-cu ildə və əvvəlki illərdə bağlı qalan bütün qəsdən adam öldürmə hadisələrinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülsün. İstintaq işinin keyfiyyətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin zəruri tələblər səviyyəsində təşkili üçün ciddi təminatlar yaradan Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında" 2010-cu il 28 iyul tarixli 10/70 nömrəli yeni əmrin tələblərinə qeyd-şərtsiz əməl olunması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə konkret tapşırıqlar verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı