Bu böhran bütün dünyanı məhvə gətirib çıxara bilər
Dünya maliyyə böhranının caynağında olduğu bir zamanda onun başının üstünü yeni və daha təhlükəli bir böhran alıb. Bu, dünyanı ölümlə təhdid edən mənəviyyat böhranıdır.
Bəlkə də ilk baxşdan bu, o qədər də qorxunc görünmür. Amma hər bir kəs öz ərafına diqqət etsə, bunun necə faciəli, qorxunc olduğunu anlayar.
Mütəxəssislər mənəvi böhranın insan aləminin heyvanlaşmaya dögru getdiyini iddia edirlər. Bu, elə bir bəladır ki, ona yoluxan hər hansı utanc gətirəcək məsələdə heç bir şeyi nəzərə almır. Daha çox özünü heyvan kimi aparır.
Kulturolaq alim Fuad Məmmədov Modern.az-la söhbətində qeyd edib ki, cəmiyyətdə mənəvi böhranın yaranmasının müxtəlif səbəbləri ola bilər:
“Amma başlıca olaraq iki amil bu problemin yaranmasının mənfi mənada ilhamvericisidir. İnsanların maddi rifahının yaxşı olmaması və mənəvi-mədəni münasibətlərin inkişaf etməməsi. İnsana tələbkarlıqla yanaşı, qayğı da olmalıdır. Mütləq hər bir insana obyektiv, ədalətli qiymət vermək lazımdır. Bu prinsiplər isə öz başlanğıcını ailədən götürməlidir. Ailə üzvləri arasında nəzakət olmalıdır, yüksək rəftar mədəniyyəti olamalıdır və ailənin hər bir üzvünə obyektiv qiymət verilməlidir. Mənəvi böhranı aradan qaldırmaq mümkündür və buna sadəcə yüksək ruhi mədəniyyətin inkişafı sahəsində nail olmaq olar. Cahil insanın mənəviyyatı yüksək olmaya bilər, bu da öz növbəsində cəmiyyətdə mənəvi böhrana gətirir.
Mənəvi böhranın yaranması sosial ədələtin çatışmazlığıdır. Mənəvi böhranın səbəbləri çox ola bilər, bu çox mürəkkəb problemdi. Bu problemin əsasını mədəniyyətin aşağı səviyyədə olması təşkil edir. Mədəniyyət ikinci süni təbiətdir. İnsanın ağlı, hissləri və fiziki əməyinin nəticəsində nə yaranıbsa, hamısı mədəniyyətdir. Mədəniyyət yaradıcı həyat və fəaliyətdir”.
F.Məmmədov hesab edir ki, insanın intellektual mədəniyyəti aşağı səviyyədədirsə, təfəkkürü də düzgün formalaşmayacaq, müəyyən etik qaydalara riayət etməyəcək:
“Bütün dünyanın “home culture” tipli insana kecidinin vaxtı çatıb. Mənəvi böhranın yaranmasında dövlətin sosial mədəni siyasətinin çox vacib rolu var və bu problemin qarşısını almaq üçün dövlətin sosial mədəni siyasətinin dörd əsas üstünlüyü olmalıdır.
Bunlar, intellektual, etik, hüquqi və idarəetmə mədəniyyətinin inkişafıdır”.
F.Məmmədov bildirib ki, cəmiyyətdə mədəniyyətə biganə olan xeyli sayda insanlar var:
“Bu biganəliyi aradan qaldırmaq üçün yeni turizim universitetlərinin yaradılması, müxtəlif ali məktəblərdə kulturologiya fakultələrinin açılması lazımdır. Mədəniyyət dərslərini təkçə ali məktəblərdə deyil, orta məktəblərdə, hətta uşaq bağçalarında da keçmək lazımdır. Mədəniyyət, təhlükəsizliyin təmin olunmasında, insanın inkişafında, dövlətin qüdrətli olmasında çox mühüm rol oynayır. Bağçalarda da mədəni tərbiyəyə kecmək lazımdır. Çünki bu, insanın həyatı və fəaliyyəti haqqında elmdir. Biz yeni dərs yerləri açmaqdansa, mövcud kulturologiya fakultələrini bağlamışıq”.
Mütəxəssis qeyd edib ki, indi telekanalların verilişləri də cəmiyyəti mənəvi böhrana gətirib çıxarır:
“Televiziya verilişlərinin hamısı səviyyəli deyil, verilişlərdə səviyyəsiz insanlara söz verirlər. Onlar düzgün olmayan təfəkkürlərini ortaya qoyurlar, xalq da onlara qulaq asır. Cəmiyyətin savadsız təbəqəsi bu fikirləri əsas götürür. Bu da cəmiyyətdə qarışıqlıq yaradır. Telekanalların cəmiyət qarşısında çox böyük məsuliyyəti var. Televiziya verilişlərinə səviyyəli ekspert, mütəxəssislər dəvət olunmalıdır. Axı hər yoldan keçənin telekanalda danışmağa mənəvi haqqı yoxdur.
Telekanallar insanlara dünya təcrübəsini, mədəmiyyəti, ənənələrini çatdırmaqda əvəzsiz rola malikdir”.
F.Məmmədov bildirib ki, Azərbaycanda Mədəniyyət telekanalının fəaliyyətə başlaması mənəvi böhranın qarşısının alınmasında müəyyən rol oynaya bilər: “Amma bu telekanal rəhbərliyi mədəniyyətlə incəsənəti bir-birinə qarışdırmamalıdır. Bundan əlavə, televiziyada intellektual verilişlərə də yer ayrılmalıdır. Öz mədəniyyətmizlə yanaşı, dünya mədəniyyətinin mütərəqqi təcrübəsini də insanlara aşılamaq lazımdır”.
Sədaqət SÜILEYMANOVA