“Yeni Müsavat” qəzetində son günlər Azərbaycan Kooperasiya Universiteti barədə yazıların dərc olunması bu təhsil ocağının müəllim və tələbə kollektivini hiddətləndirib. Universitetdən Modern.az saytına verilən məlumatda belə deyilib.
Qeyd edək ki sözügedən məqalələrdə təhsil müəssisəsinin rektoru Eldar Zülfüqarovun və bəzi işçilərin işdən qanunsuz çıxarılması, “Azərittifaq”ın rəhbəri, deputat Eldar Quliyevin Kooperasiya Universitetinin işinə qanunsuz müdaxilələri qeyd edilib.
Azərbaycan Kooperasiya Universitetində çalışan və oxuyan 93 nəfər adından deputat Eldar Quliyevə müraciət göndərilib. Modern.az-a verilən məlumata görə, müraciətə imza atanlar rektor, prorektorlar, dekanlar, müəllimlər və tələbələrdir. Onlar mətbuatda Azərbaycan Kooperasiya Universiteti barədə yazılanların həqiqəti əks etdirmədiyini vurğulayaraq, belə addımları pisləyiblər.
Qeyd edək ki, Eldar Quliyevin özü yaxın zamanlarda “Yeni Müsavat” qəzetini məhkəməyə verəcəyini bildirib. Modern.az saytına açıqlamasında deputat deyib ki, mütəmadi olaraq bu qəzetdə barəsində yanlış məlumatlar dərc olunur.
Məsələyə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da münasibətini öyrənməyə çalışsaq da, onunla əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.
Sədaqət Süleymanova