Və ya deputat Siyavuş Novruzovun MM-də qaldırdığı məsələ

Milli Məclisin 2011-ci il yaz sessiyasının ilk iclasıda Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov Bakı şəhərində hər yerindən duranın qoluna qırmızı lent bağlayaraq özü üçün avtodayanacaq yaratdığını, buradan yığılan pulların isə şəxsi ciblərə getdiyi barədə həyacan təbili çalmışdı. Bəs həmin avtodayanacaqlar kimlərindir?
Modern.az-ın məlumatına görə, bu gün Bakı şəhərində müxtəlif avtodayanacaqlar fəaliyyət göstərir. Bu dayanacaqların hansı qurumlara tabe olduğunu isə üzə çıxarmaq mümkün deyil. Deputat demişkən, qollarına qırmızı lent bağlayanlar yiğdıqları pulu kimə verdiklərini demirlər. Ancaq bildirirlər ki, yiğdıqlarının yüzdə biri belə özlərinə qalmır.
Avtodayanacaqlarda çalışan insanların əynində olan gödəkçlərin arxasına ya “NN” (Nəqliyyat Nazirliyi-red), ya da başqa bir şey yazılır. Mülki formada olanlar da az deyil. Bu bazar o qədər qarışıqdır, baş çıxarmaq çox çətindir ki, kim kimdir. Yenə də S.Novruzovdan sitat gətirsək, deməli, yığılan pulların bir hissəsindən heç vergi də verilmir.
Əlabbas Bağırov: “Dayanacaqların Ticarət və Xidmət Departamentinə aidiyyatı yoxdur”
Əksər hallarda deyirlər ki, Bakı şəhərində fəaliyyət göstərən avtodayanacaqların bir hissəsi Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinə məxsusudur. Amma Departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirdi ki, dayanacaqların onlara heç bir aidiyyatı yoxdur: “Əvvəllər biz o dayanacaqlara baxırdıq, amma sonra onları bizdən aldılar. İndi hansı quruma verildiyi barədə məlumatım yoxdur”.
Samir Həsənov: “Bakı böyük şəhərdir, haralar bizə məxsusdur, deyə bilmərəm”
Nəqliyyat Nazirliyinin nəzdindəki “Bakısərnişinnəqliyyatı” MMC-nin mətbuat katibi Samir Həsənov isə deyir ki, bəzi ərazilərdə olan avtodayanacaqlar onların tabeçiliyindədir: “Amma bildiyim qədər bəzi ərazilərdə BŞİH-in Ticarət və Xidmət Departamentinin də dayanacaqları olmalıdır. Avtodayanacaqların hamısı bizim səlahiyyətimizə verilməyib. Haralar bizə məxsusdur, dəqiq deyə bilmərəm, çünki Bakı böyük şəhərdir. Bizim nəzarətimizdə olan ərazilərdə çalışan işçilərin əynində kürəyinə “NN” hərfləri yazılmış yaşıl gödəkçə olur”.
“Bakısərnişinnəqliyyatı”nın rəsmisi bildirdi ki, bu sahədə çalışanlar özbaşına pul almırlar: “Onlar dövlət tərəfindən təşkil olunmuş vergi əsasında sürücülərdən pul alırlar. Yığılan pullardan da dövlətə vergi ödənilir”.
Rövşən Ağayev: “Hacıbala Abutalıbov görmür ki, qanunsuz pul yığırlar..?”
Modern.az iqtisadçı eksprt Rövşən Ağayevin məsələyə münasibətini öyrənib. O, bildirib ki, qanunvericilikdə dayanacaqların iki təsnifi var: gecə və gündüz dayanacaqları. “Gündüz avtodayanacaqları şəhərimizin ayrı-ayrı istiqamətlərində fəaliyyət göstərirlər. Bu sahədə qeyri-müəyyənlik və xaos mövcüddur. Qanunvericiliyin tələbinə görə, bu işi bələdiyyələr həyata keçirməlidir. Onların bu işi sistemli şəkildə həyata keçirmə imkanı daha genişdir. Bu işin əslində bələdiyyələr tərəfindən idarə olunması qanunda da öz əksini tapıb. Bələdiyyə qanunvericiliyi ümümiyyətlə dayanacaqların istismarını icra hakimiyyətləri tərəfindən deyil, istinasız olaraq bələdiyyələr tərəfindən həyata keçirilməsini tələb edir. Bütün bunlara baxmayaraq, icra hakimiyyətləri, Bakı şəhərində dayanacaqlar böyük pul mənbəyi olduğuna görə, bunu tam şəkildə ələ alıblar. Bu prosesə heç bir nəzarət mexanizmi yoxdur. Heç bir ciddi hesabat blankları deyilən məxaric, mədaxil orderləri yoxdur. Dəfələrlə şahidi olmuşam, sadəcə olaraq forma geyinirlər. Bir dəfə birinə dedim ki, vəsiqənizi mənə göstərin. Məlum oldu ki, Bakı meriyasının Ticarət və Xidmət Departamentinin vəsiqəsini gəzdirirlər. Mən bunun günahını Azərbaycanda qanunların işləməməsində və icra hakimiyyətlərinin istisnasız olaraq bələdiyyələrin fəaliyyətinə birbaşa, açıq şəkildə müdaxiləsində görürəm. Bu iş çox da havada qalan deyil, gec-tez bunu hansısa bir struktur üzərinə götürməlidir. Bir daha vurğulamaq istərdim ki, bələdiyyələr bu işi daha səviyyəli, səliqəli və daha nizamlı həyata keçirərlər, nəinki icra hakimiyyəti. Bir halda ki, icra hakimiyyətlərinin bu işi həyata keçirməyə hüquqi əsasları yoxdur, onda hüquqi əsas olmayan yerdə qanunsuzluq var. Bütün bunları məmurlar da bilirlər. Ona görə də bunu heç bir qanuni çərçivəyə salmırlar. Hətta yalandan çek verilsə belə, həmin çekin heç bir hüquqi əsası olmayacaq. Biz hüquqi dövlətdə yaşıyırıqsa, bizim üçün hər şey Konstitusiya və qanun hər şeydən üstundursə, qanunla bu işi bələdiyyələr görməlidir.
Bu iş böyük bir biznesə çevrilib. Paytaxtda mən bütün bunların hamısının təqsirini Bakı Şəhəri İcra Hakimiyyətində (BŞİH) görürəm. Çünki bunun hamısını meriya təşkil edir. Bütün bu işlər məhz bu qurumun xeyir-duası ilə ayrı-ayrı rayon icra hakimiyyətləri tətrəfindən tətbiq edilir. Guya şəhər meriyasının başçısı Hacıbala Abutalıbov görmür ki, qanunsuz olaraq bu cür formalar geyinib insanlardan pul yığırlar? Yığdıqları puldan vergi də ödəmirlər?
Bu qanunsuz biznesi hələ ki dağıdan yoxdur”.
Mail AĞAXANOV