Üçüncü çağırış Milli Məclisinin üzvləri olmuş sabiq deputatlar hazırda nə işlə məşğuldurlar, hökumətdən hər hansı vəzifə gözləyirlərmi?
Modern.az saytının əməkdaşı onlardan bəziləri ilə əlaqə saxlayıb.
Ötən 5 ildə Milli Məclisdə Xankəndini təmsil etmiş Həvva Məmmədova bildirib ki, hazırda pedaqoji işlə - müəllimliklə məşğuldur. Prezident yanında Dövlət İdarəcilik Akedemiyasında dərs deyir. Eyni zamanda ictimai fəaliyyətlə də məşğuldur. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvidir. H.Məmmədova həm də “Ayna” Qacqın və Məcburi Köckünlər Qadınlar İctimai Birliyinin sədridir.
2005-2010-cu illərdə Xaçmaz rayonunun parlametdəki təmsilçisi, sabiq deputat Lalə Abbasova bildirib ki, hazırda heç bir işlə məşğul olmur. Hətta eks-millət vəkili təsisçisi olduğu qəzeti də bir müddət öncə bağlamağa məcbur olub. “Mir jenşina” qəzeti maliyyə çətinliyi üzündən fəaliyyətini dayandırıb.

Tərtərdən olan sabiq deputat Aynur Quliyeva da hələki yalnız ictimai fəaliyyətlə məşğuldur. O, Qadın Konsensus Mərkəzinin sədri kimi QHT tədbirlərində, digər ictimai yığıncaqlarda və mediada çıxışlar edir.
Cəlilabadın sabiq millət vəkili Aydın Həsənov deyib ki, o da heç bir işlə məşğul deyil. Sabiq deputatın sözlərinə görə, indiyə qədər çox çalışıb, imkan tapmayıb dincəlməyə, qohum-əqrabası ilə görüşməyə. İndi ağsaqqal yaşında vaxtını buna sərf edir.

Saatlı rayonunun sabiq deputatı Gülhüseyn Əhmədov da rəsmi vəzifə tutmur. O, fəaliyyətini elmi işə yönəldib. G.Əhmədov bildirib ki, hazırda elmi işlə məşğuldur, yaxın vaxtlarda müdafiə edəcək.
Modern.az saytının əməkdaşı ilə söhbət zamanı sabiq deputatlar bildiriblər ki, rəsmi vəzifə təklifi alacaqları təqdirdə bunu məmuniyyətlə qəbul edəcəklər və dövlətə xidmət etməyi özləri üçün şərəf bilirlər.
Modern.az