TƏHSİL MÜƏSSİSƏSİNİN DİREKTORU VALİDEYNLƏRDƏN UŞAQLARINI TƏK BURAXMAMAĞI TƏLƏB EDİB
Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 73 saylı orta məktəbin yaxınlığında peyda olan naməlum kişi dərsə gedən bir şagirdi qaçırmağa cəhd göstərib. Oktyabrın 30-da yayılan bu xəbər 73 saylı məktəbin yerləşdiyi Böyük Şor qəsəbəsində yaşayan bütün valideynləri həyacanlandırıb. Faktı məktəbin direktoru da təsdiq edib və o, valideynləri diqqətli olmağa çağırıb. Modern.az xəbər verir ki, oktyabrın 30-da Nərimanov rayonu ərazisindəki 73 saylı orta məktəbin direktoru Şölə İbrahimova övladlarını dərsə gətirən bütün valideynlərə xəbərdarləq edib ki, bundan sonra uşaqları tək buraxmasınlar. Direktorun sözlərinə görə, oktyabrın 29-da məktəbin ətrafında peyda olan naməlun yaşlı kişi şagirdlərdən birini qaçırmağa cəhd göstərib. Lakin naməlum şəxsin qaçırmaq istədiyi məktəbli qız onun əlindən qurtula bilib. Hadisəni həmin vaxt övladlarını məktəbə yola salan bəzi valideynlər də görüb. “Ona görə də sizi ayıq olmağa və uşaqlarınızı məktəbə tək buraxmamağa çağırıram”-deyə direktor Ş.İbrahimova oktyabrın 30-da valideynlərə müraciətində bildirb. Məktəb rəhbəri onu da deyib ki, faktla əlaqədar artıq Nərimanov rayon Polis İdarəsinə də məlumat verilib, hazırda araşdırma aparılır.