Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsəsən, Ombudsman aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nardaran qəsəbəsində yerləşən 12 saylı məntəqə tipli cəzaçəkmə məntəqəsinə, Bakı İstintaq Təcridxanasına, Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanılma təcridxanasına və həmin idarənin 36-cı polis bölməsinə, Nizami RPİ-nin 25-cı polis bölməsinə baxış keçiriblər.
Modern.az Ombudsmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərlə görüş zamanı onlar saxlanılma şəraitindən və müəssisənin əməkdaşlarının onlarla rəftarından şikayət etməyib, təqsirləndirilən şəxslərin bəziləri barələrində aparılan istintaqdan və məhkəmə hökmündən narazı olduqlarını bildiriblər.
İstintaq təcridxanasında saxlanılan Emin Milli və Adnan Hacızadə ilə görüş zamanı gənclər vəziyyətlərini diqqətdə saxladığı üçün Müvəkkilə təşəkkürlərini bildirib, onlara təcridxanada lazımi şəraitin yaradıldığını söyləyib, barələrində aparılan məhkəmə prosesinin vaxtının uzadıldığını qeyd ediblər.
Bakı İstintaq Təcridxanasında saxlanılan S.A. ilə görüş zamanı o, 24 oktyabr 2009-cu il tarixində Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib.
Həmin məsələnin araşdırılması məqsədi ilə Müvəkkil Respublika Baş Prokuroruna və Daxili İşlər Nazirinə müraciət edərək, S.A barəsində təcili məhkəmə-tibbi ekspertizasının keçirilməsini, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş edib.
| | |