Modern.az

Fazil Mustafa: "Bu adamlar hakimiyyətə gəlsələr. indikilərə rəhmət oxutduracaqlar"

Fazil Mustafa: "Bu adamlar hakimiyyətə gəlsələr. indikilərə rəhmət oxutduracaqlar"

Ölkə

11 Fevral 2011, 15:42

«Qərb, xüsusilə, ABŞ mətbuatının son günlər Azərbaycan hakimiyyətini, dövlət başçısı İlham Əliyevi hədəf seçməsi onunla bağlıdır ki, iqtidarın Qarabağ məsələsi ilə əlaqədar tutduğu mövqe ABŞ və digər Qərb çevrələrini ciddi narahat edir. Yəni, onlarda belə bir düşüncə vardı ki, Azərbaycan hakimiyyət ilə xalq arasında məsafə böyükdür və ona görə bu məsafə böyük olanda onu istənilən addıma təhrik etmək olar».
Bu fikirləri mətbuata açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib. Onun sözlərinə görə, Misirin nümunəsində göstərmək olar ki, vaxtilə ABŞ orada hərbçilərin  hakimiyyətə gəlməsinə ona görə şərait yaratdı ki, İsraillə dost ola biləcək bir ərəb dövləti formalaşdırsın. Müəyyən dərəcədə hərbi elitanın formalaşdırdığı bu hakimiyyət də Kemp-Devit anlaşmasına getdi və İsraillə dostluq münasibətləri qurdu. Bu isə o demək idi ki, ABŞ-ın burada əsas hədəfində problemin həlli dururdu, İsrailin təhlükəsizliyinin təmin edilməsi dayanırdı. «Ona görə Misirdə hakimiyyətlə xalq münasibətləri buna qurban verildi» - deyə qeyd edən millət vəkilinin dediyinə görə, Azərbaycanda isə belə olmadı.
Azərbaycanda müəyyən dərəcə demokratik hərəkat modelində bir hakimiyyət qurulmadı, hakimiyyət bu cinahdan gəlmədi, hakimiyyət  yuxarı elitanın transformasiyası modelində dəyişdi, yeniləşdi.
«Belə bir vəziyyətdə hakmiyyət xalqla arasında nə qədər məsafə olmasına baxmayaraq, Qarabağ məsələsində ABŞ-ın istədiyi addımı atmadı və ona görə hesab edirəm ki, bu təzyiqlər bundan sonra da davam edəcək. Ya sən burada güzəştə gedici ciddi bir addım atmalısan, torpağın verilməsinə qədər səhv bir mövqe qoymalısan və xalqa qarşı bir siyasətin müəllifinə çevrilməlisən, ya da daimi təzyiq altında olmalısan, buna məcbur qalmalısan. Bax, ABŞ-ın və digər Qərb ölkələrinin, onların nüfuzlu nəşrlərinin Azərbaycana yönəlik təzyiqlərinin, hədəflərinin əsas səbəblərindən birincisi budur» - deyə F.Mustafa qeyd edib. F.Mustafa sonra bildirib ki, Azərbaycana yönəlik təzyiqlərin ikinci başlıca səbəbi odur ki, mövcud hakimiyyətin özünün də Qərbə verdiyi bəhanələr var: «Məsələn, elementar siyasi motivli həbslər məsələsini göstərmək olar. Bunu gündəmdən çıxarmaq lazımdır». Bununla yanaşı, millət vəkili hesab edir ki, Qərb, hətta, yanlış şəkildə kimisə Azərbaycana «siyasi məhbus» kimi sırıyırsa, buna  da imkan, bəhanə vermək lazım deyil: «Eyni zamanda, son günlər Osman Kazımov adlı vəkilin Vəkillər Kollegiyasından uzaqlaşdırılması hakimiyyətə başucalığı gətirmir. Aşağılarda  hansısa qorxaq bir məmurun Vəkillər Kollegiyasında belə bir addım atması, bu hakimiyyətin adına yazılacaq mənfi bir çalar gətirir. Ona görə hakimiyyət özü də buna əsas verməməli və birinci növbədə ölkədaxili dialoqa başlamalıdır».
BQP sədrinin iddia etdiyinə görə, dialoq prosesi də ilk olaraq parlament müstəvisində getməlidir. Parlamentdə təmsil olunan partiyalarla hakimiyyət arasında dialoq mühiti olmalı, onların təklifləri nəzərə alınmalı, bunun ardınca isə  parlamentdən kənarda olan partiyalarla, qüvvələrlə dialoq başlamalıdır. Yəni, dialoq prosesi mərhələlər üzrə getməlidir ki, cəmiyyətiçi bir sabitlik əldə olunsun, cəmiyyətiçi gərginlik aradan götürülsün və bir münasibətlər daha çox hüquqi sferada tənzimlənsin:
«Məncə, bu gün parlament müxalifətinin hüquqları nədir, bunu anlamaq mümkün deyil. Parlamentdə əgər  müxalifət bir fraksiya yaratmaq imkanına sahib deyilsə, hansı demokratik cəmiyyətin inkişafından danışmaq olar? Müxalifətin hələ təmsilçilik məsələsi həll olunmayıbsa, hansı inkişafdan danışa bilərik? Demək istədiyim odur ki, bunu biz özümüz-özümüz üçün təsəlli verə bilərik ki, bizdə hər şey əladır, amma bu, kənardan görünən bəhanələrdir. Bunları aradan qaldırmaq üçün addımlar atılmalı, islahatlar başlamalıdır. Artıq kampaniyalar islahatlara çevrilməlidir. Mən çox ümid edirəm ki, Prezident Adminstrasiyasının rəhbərinin keçirdiyi çox cəsarətli tədbirin davamı olacaq,  bu davam islahatlar proqramına çevriləcək, islahatlar proqramında özünü göstərəcək. Bunu kampaniya xarakterindən islahat xarakterinə çevirmək, transformasiya etmək lazımdır ki, Azərbaycan cəmiyyəti görsün ki, həqiqətən də bu bölgədə hakimiyyət dəyişikliyinin bu və ya digər dərəcədə baş verməsi hələ demokratiyaya gəlinməsi demək deyil. Müxalifət cinahında da elə qüvvələr var ki, xüsusilə, bu, AXCP-yə aiddir, tam məsuliyyətlə deyirəm, burada demokratiya fikri və təfəkkürü olan çox insanları barmaqla saymaq olar. Əslində onların da bir çoxu AXCP-ni tərk edib, gedib. Bu adamlar əgər hakimiyyətə gəlmiş olsalar, indikilərə rəhmət oxutduracaqlar. Çünki demokratik hərəkat görüntü, imitasiya deyil, demokratiya bir tərbiyədir, bir fikirdir, dünyagörüşdür. Bu dünyagörüşü isə onlarda yoxdur. Bunu biz Xalq Cəbhəsi mühiti içərisində olanda  görmüşük, oradakıları dərindən tanıyırıq. Ona görə bu kimi məsələlərdə cəmiyyətin də bir az ayıq olması lazımdır və hakimiyyətin də birinci növbədə cəsarətli addım atıb cəmiyyətiçi münasibətləri hüquqi məzmunda yenidən tənzimlənməsi vacibdir».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı