Bu barədə Modern.az saytına Xətai rayon İcra Hakimiyyətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib. Şöbənin baş məsləhətçisi Məhəmməd İbrahimov saytımıza bildirib ki, hər il olduğu kimi bu ildə Xətai rayonunda Xocalı soyqırımı ilə bağlı yüksək səviyyəli tədbirlər keçiriləcək: “Tədbirdə ölkə Prezidenti İlham Əliyev və digər rəsmi nümayəndələr də iştirak edəcək”.
M.İbrahimovun sözlərinə görə, Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı”abidəsinin ətrafında artıq təmizlik işlərinə başlanılıb, ağacların rənglənməsi və bu kimi digər işlərin görülməsi də nəzərdə tutulub.
Baş məsləhətçi daha sonra onu da əlavə edib ki, ötən illərdən fərqli olaraq, bu il Xocalı soyqırımının anım günü ilə bağlı nəşr ediləcək bukletlərin sayı artırılacaq: “Bukletlər Azərbaycan, rus və ingilis dillərində dərc ediləcək. Hazırda icra başçısının xüsusi tapşırığı ilə abidə ətrafında hazırlıq işləri görülməkdədir”.
Xatırladaq ki, bu il Xocalı soyqırımının baş verməsindən 19 il ötür. 1992-ci il fevralin 25-dən 26-na keçən gecə erməni vandalları 366-ci rus motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin koməyi ilə Xocalı şəhərini zəbt edərək , bəşər tarixində ən amansız faciəyə imza atıblar. Baş verən qırğınlarda 613 nəfər həlak olub 1275 nəfər əsir gütürüb, 150 nəfər isə itkin düşüb.
Anar RÜSTƏMOV