Modern.az

Azərbaycanda qanunsuz ov edən İran vətəndaşı ölkəmizdən çıxarılıb

Azərbaycanda qanunsuz ov edən İran vətəndaşı ölkəmizdən çıxarılıb

Ölkə

31 Oktyabr 2009, 15:59

Oktyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edilməsi faktı aşkarlanıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, Milli Parkın əməkdaşları reyd zamanı ərazidə 90-ER-575 dövlət nömrə nişanlı “Niva” markalı avtomaşınla qarşılaşıb və onları saxlamaq istərkən maşında olanlar tabesizlik göstərərək ərazidən uzaqlaşıblar. 
Lakin Milli Park əməkdaşları Ağcabədi rayon Polis Şöbəsinin nümayəndələrinin köməyi ilə qanun pozucularını saxlamağa müvəffəq olublar.
Ağgöl Milli Parkının inzibati ərazisində qanunsuz ov etməyə cəhd edən İran İslam Respublikasının vətəndaşı Zergani Ali Chaseb, Bakı şəhər sakini Rufulluzadə Sadiq Cabir oğlu və Tovuz rayonu Bayramlı kənd sakini Hüseynov Mustafa Cəbrail oğlunun olduqları aydınlaşıb. Avtomobilə baxış keçirilən zaman orada şahin quşunun ovlanması üçün istifadə olunan cələ, şahin quşu üçün papaq və canlı göyərçinlər aşkar edilib.
Qanun pozucuları verdikləri ifadədə bildiriblər ki, bu işdə onlara Suriya Ərəb Respublikasının vətəndaşı (şəxsiyyəti hələlik məlum deyil) başçılıq edib, təqib zamanı o, maşından düşərək qaçıb.
Saxlanılan şəxslər adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş şahin quşunu ovlamaq məqsədi ilə gəldiklərini bildiriblər.
Faktla bağlı maddi sübutlar götürülərək, qanun pozuntusu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən protokol tərtib edilib, İran İslam Respublikasının vətəndaşı Zergani Ali Chasebin Azərbaycan Respublikasının ovçuluq haqqında qanununun tələblərini kobud surətdə pozduğuna görə respublikadan departasiya olunub. Onun ölkəyə gəlməsinə qadağa qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinə müraciət edilib.
Hazırda qanun pozucularının verdikləri ifadələrdə adı çəkilən Suriya Ərəb Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı