Bakıdakı məscidlərdə azanın səsləndirilməsinə yenidən məhdudiyyətlər qoyulub. Noyabrın 1-də günorta saatlarından başlayaraq paytaxtdakı bir sıra məscidlərə azanın səsləndirilməməsi ilə bağlı xəbərdarlıq edilib. "Təzə Pir" məscidində azan aşağı səslə verilib. "Əjdərbəy", "Hacı Soltanəli", "Kərbəlayi Abdulla" məscidində isə məğrib azanı ümumiyyətlə verilməyib.
Onu da qeyd edək ki, azana rəsmən qadağa qoyulmayıb. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi araşdırma aparır və məsələ ilə bağlı müvafiq qurumlara müraciət olunacaq. (ANS).
Məlumatı Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini-müfti Hacı Salman Musayev də təsdiqləyib. O, bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır və noyabrın 2-də ətraflı açıqlama veriləcək.
Faktı təsdiqləyən Təzə Pir məscidinin baş axundu Hacı Faiz isə deyib ki, bu cür hal tək paytaxta deyil, bölgələrdə də baş verib. O deyib ki, ölkənin mənafeyinə zidd olan bu hal barədə aidiyyatı qurumlara məlumat veriləcək.
Xatırladaq ki, ötən gün günorta saatlarından başlayaraq, paytaxtdakı bir sıra məscidlərə azanın səsləndirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bu barədə məlumatı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu verib.
“Kərbəlayi Abdulla” məscidinin növbətçisi bildirib ki, bir neçə məmur (onların adlarını çəkməyib) məscidə gələrək, minarələrdən azanın verilməsinin dayandırılmasını tələb ediblər və tələb yerinə yetirilmədiyi təqdirdə məscidin bağlanacağı ilə hədələyiblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə məlumatı nə təsdiq, nə də təkzib edib.
Onu da qeyd edək ki, azana rəsmən qadağa qoyulmayıb və məscidlərə bu barədə göstərişin qeyri-rəsmi qaydada verildiyi bildirilir.
Xatırladaq ki, 2007-ci ildə də azanın səsləndirilməsinə qadağa qoyulmuşdu. Lakin ölkə rəhbərliyinin müdaxiləsindən sonra qadağa aradan qaldırıldı.