Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyi tədbirləri çərçivəsində Bakıda Avrasiya, Qara Dəniz və Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyalarının Bakı Bəyannaməsi qəbul edilib. Sənədin qəbulunda məqsəd hər üç assosiasiya arasında əlaqələri dərinləşdirməkdən ibarətdir.
Bununla əlaqədar Avrasiya Universitetləri Assosiasiyasının nümayəndəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi, Qara dəniz Dövlətləri Universitetləri Assosiasiyasının nümayəndəsi, Ukrayna Milli Texniki Universitetinin rektoru, akademik Mixail Zqurovski və Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının nümayəndəsi, Kolmıkiya Dövlət Universitetinin rektoru, professor German Borlikov birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Müzakirələrdə cəmiyyətin, əsasən də elm və innovasiyanın inkişafında universitetlərin fəal iştirakı nəzərdən keçirilmiş, beynəlxalq inteqrasiyaya və tələbələrin mobilliyini fəallaşdırmağa dair müddəalar müəyyənləşdirilib.
Görüşün yekununda assosiasiyalar arasında əməkdaşlıq haqqında Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə qeyd olunur ki, assosiasiyalar bərabərhüquqlu və qarşılıqlı marağı əsas tutaraq üzv universitetlərlə ayrı-ayrılıqda bağlanan müqavilə əsasında əməkdaşlığın müxtəlif sahələrini inkişaf etdirəcəklər. Razılaşdırılan müddəalar isə assosiasiya nümayəndələrinin ayrı-ayrılıqda keçirdikləri görüşlərdə nəzərdən keçirilib.
BDU-nun 90 illik yubileyində xarici ölkə universitetlərinin 70-ə yaxın nümayəndəsi iştirak edir. Onlardan 20-si dünyanın tanınmış ali təhsil ocaqlarının rektorlarıdır.