Modern.az

Bakıda bəzi şadlıq evləri və restoranlar cərimələnib

Bakıda bəzi şadlıq evləri və restoranlar cərimələnib

Ölkə

5 Noyabr 2009, 10:04

Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları haqqında” Fərmanının icrasının təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq və Ətraf Mühitin Mühafizəsi Departamentlərinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən kafe və restoranlarda reydlər keçiriblər.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, reyd zamanı “Meridian”, “Niaqara”, “Çanaq Qala” restoranları, “Xudafərin”, “Su Sonası” şadlıq sarayları, “Plaza” disko-barı və “Black Bird” gecə klubunda ekoloji qanunvericiliyin tələblərinə riayət olunmaması halları aşkarlanıb.
Belə ki, səs-küy səviyyəsinin norması 65 dessibel (dB) olduğu halda, Nizami rayonu ərazisində yerləşən “Xudafərin” şadlıq sarayında səs-küy səviyyəsinin maksimal göstəricisinin 82 dB (normadan 1,26 dəfə artıq), “Meridian” restoranında 89 dB (normadan 1,37 dəfə artıq), “Plaza” disko-barında 92 dB (normadan 1,41 dəfə artıq), Nəsimi rayonu ərazisində yerləşən “Black Bird” gecə klubunda 88 dB (normadan 1,35 dəfə artıq), “Niaqara” restoranında 87 dB (normadan 1,34 dəfə artıq), Nərimanov rayonu ərazisindəki “Çanaq Qala” restoranında 88 dB (normadan 1,35 dəfə artıq), “Su Sonası” şadlıq sarayında 91 dB (normadan 1,4 dəfə artıq), Səbail rayonu ərazisindəki “La Paris” restoranında 85 dB (normadan 1,31 dəfə artıq) olması halları qeydə alınıb.
Keçirilmiş reyd zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə protokollar tərtib olunub, qeyd olunan restoran və kafelərin müdiriyyətləri barəsində inzibati qaydada cərimələr tətbiq edilib.
İnsan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin əsas səbəbləri kimi avtonəqliyyat vasitələrində quraşdırılmış müxtəlif növ gücləndirici siqnalları, toy və yas mərasimlərində istifadə olunan səs gücləndiricilərini göstərmək olar ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.
Qeyd etmək lazımdır ki, səs-küy insan sağlamlığına neqativ təsir göstərir. 35-60 dB diapazonda səs insan orqanizminə fərdi olaraq həm mənfi təsir edə bilər, həm də təsirsiz qala bilər. 70-90 dB diapazonlu səsin uzunmüddətli təsiri mərkəzi sinir sisteminin xəstəliklərinə, 100 dB və daha yüksək diapazonlu səs isə eşitmə qüsurlarının yaranmasına və hətta karlığa da səbəb ola bilər.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı