Modern.az

Qol saatları: onlara maraq niyə azalıb? (Zeynal Məmmədli, Rəşad Məcid və saatsaz Ağabalanın fikirləri...)

Qol saatları: onlara maraq niyə azalıb? (Zeynal Məmmədli, Rəşad Məcid və saatsaz Ağabalanın fikirləri...)

Ölkə

24 Mart 2011, 12:00

Qol saatları barədə tövsiyyələr... 


Həyatın hər keçən saniyəsi insan üçün qızıldan da qiymətlidir və bu qiymətli vaxtı düzgün planlaşlaşdırmaq üçün saatlardan istifadə edilir.

İnsanların əksəriyyəti saatlarını sol biləklərinə taxarlar. Bəs niyə sol bilək?
Məlumdur ki, insanlar sağ əl və qolu daha çox işlədirlər, bu ətraf daim hərəkətli olur. Belədə sağ biləyə taxılan saatın bir yerlərə çarpıb zərər görmə ehtimalı daha yüksək olduğundan vaxt ölçən cihaz sol biləyə taxılır. Bu bir versiya…
Digər məlumata görə, kiçik ölçülü saatdan istifadənin ilk zamanlarında insanlar qol saatı olmadığına görə, cib saatı istifadə edirdilər. Bu saatların qurma düyməsi sağda “3” rəqəminin yanında idi. Tez-tez qurulması lazım olan bu saatları cibdən çıxarıb sol əllə qurmaq çox çətin idi. İnsanlar bu
saatları onsuz da jiletlərinin sol tərəfində olan ciblərindən sol əlləri ilə çıxarıb baxmağa və sağ əlləri ilə qurmağa alışdılar. Daha sonra qol saatları da yayılıb qurma yerləri yenə “3”' rəqəminin yanında olunca bunlar da sol qala taxıldı.

Zaman dəyişdikcə saatların da mexanizmləri, görünüşləri və  markaları dəyişir. Məsələn, SSRİ dövründə insanlar “Raketa”, “Slava”, “Polyot” kimi saat markalarına üstünlük verirdilərsə, indi daha çox “Tissot”, “Sitizen”, “Svatç” brendli saatlardan istifadə etməyə çalışırlar.
Maraqlıdır, indi sovet dövrünün məşhur saatlarından istifadə edənlər varmı? Yoxsa hər kəs zamanla ayaqlaşır və bu günün brend markaları o dövr saatlarını unutdurub?

Modern.az bu sualı bir sıra tanınmış şəxslərə ünvanlayb və aldığımız cavabları təqdim edirik.

“Sovet dövründə saatlar indikindən daha dəqiq işləyirdi”

Bakı Dövlət Universitetinin müəllimi media eksperti Zeynal Məmmədli sovet dövründə yalnız bir markadan – “Polyot” adlı qol saatından istifadə etdiyini bildirir:
“Bu markadan qeyri-ixtiyarı olaraq istifadə etmişdim, sonra gördüm ki, dəbdə olan da elə o imiş. İndikilərdən fərqli olaraq onlar mexaniki saatlar idi, batareya ilə işləmirdi. Zamanın böyük əhəmiyyəti olmasa da, qəribədir ki, onda saatlar indikindən daha dəqiq işləyirdi”.
İndi “Swatch” markalı saatdan istifadə edən Z.Məmmədli bu saatın əvvəlkindən daha qiymətli olduğunu qeyd edir: “Bu saatı mənə qızım bağışlayıb. Ona görə mənim üçün çox qiymətlidir. “Polyot” qol saatını isə özüm aldığıma görə mənim üçün o qədər də qiymətli deyildi”.
Müsahibimiz SSRİ vaxtında dəbdə olan saatlardan “Raketa”, “Zenit”, “Polyot”, “Kosmos”, “Çayka”nı xatırlayır: “70-ci illərin axırı, xüsusilə, neft bumundan sonra və 80-ci illərdə batareyalı xarici saatlar ölkəyə gətirildi. Bu saatlar xaricdən 5-10 dollara alınırdısa, burda onu rahatlıqla 250, 400 manata satmaq olurdu. Belə saatlardan biri də mənə hədiyyə olunmuşdu. Pul lazım olduğundan onu satmaq məcburiyyətində qaldım. 5-10 manata satılacağını düşündüyüm saatı tanışım necəyə satmışdısa, mənə 150 manat vermişdi. Sonra özü dedi ki, həmin saatın satışından özü də 150 manat götürüb. Təəccüblənmişdim”.
Saatlarla xüsusi maraqlanmadığını deyən Zeynal Məmmədli son dəblərlə daha çox internet çıxandan sonra - 90-cı illərdən başlayaraq tanış olduğunu bildirib. “Amma lap rəqəmsal sistem ilə 2000-ci illərdən başlayaraq tanış olmuşam”.

“Mobil telefonlar çıxandan saat yükündən azad olmuşam”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qol saatından istifadə etməyi elə də xoşlamır: “Saat taxmaqla elə aram olmayıb, hətta gəncliyimdə də çox az hallarda saatdan istifadə etmişəm. Yadımdadır ki, gənclik illərimdə atam mənə İsveçrənin saatını  bağışlamışdı. Onu bir müddət taxmışdım”.
Baş redaktor saatı qolunda ağır, narahat edən yük kimi hiss etdiyindən ondan istifadə etməməyə çalışdığını bildirib.
“Mobil telefonlar çıxandan sonra isə ümumiyyətlə bu yükdən azad olmuşam. Saata mobil telefonda baxıram və öyrənmişəm. Buna görə də son 10-12 il olar ki, qol saatlarından istifadə etmirəm”.
Amma Rəşad Məcid dostlarının ad günlərində hədiyyə kimi saat almağa üstünlük verdiyini deyib: “Səfərlərdə olarkən mənə tez-tez saat bağışlayırlar. Yadımdadır ki, Küveytdə olanda orda keçmiş nazir bizi qəbul etmişdi və bizim nümayəndə heyətinin hərəsinə bir “Rado” saatı bağışlamışdı. Sonra burda öyrəndim ki, həmin marka saatlar bahalıdır. 
İndi hərdən olur ki, “VMF” firmasının saat mağazalarına girirəm və kimin üçünsə hədiyyə alıram. Amma özüm dediyim kimi,  saat taxmaqla heç aram yoxdur”.

“İnsanlar sovet saatlarına yenidən müraciət edirlər”

18 yaşından saat təmiri ilə məşğul olan 52 yaşlı saatsaz Ağabala Vahidov (Ağabala Vahidov bu sənəti “Montin”də 12 nömrəli texniki peşə məktəbində öyrənib və bu sahə üzrə diplomu var-red.) sovet dövrünün saatlarının daha yaxşı olduğunu bildirir:
“5-10 dənə saat olurdu, məsələn “Raketa”, “Slava”, “Polyot”, “Pobeda”, “Zim”... Bunların da ehtiyat hissələri olduğundan onları düzüb qoşmaq, təmir etmək olurdu. İndi gələn saatların yaxşı görünüşləri var, amma xarabları çox olur. Onlar üçün ya ehtiyat hissələri olmur, olanda da həmin saatlar üçün ağır gəlir”.
“Əvvəlki saatlar OTK yoxlanışından keçir və zəmanəti olurdu” deyən saatsaz indiki saatların heç bir yoxlama keçmədən gətirildiyini və yalançı zəmanət müddətinin verildiyini qeyd edib: “Dükandan saat alanda zəmanətin olduğunu deyirlər. Saat alınandan sonra isə bir həftə işləyir, sonra dayanır. Təmir üçün yanıma gətirirlər, baxıb görürəm ki, xarabdır və üstəlik ehtiyat hissələri də yoxdur. Belə saatlar çətinlik yaradır, lakin onları da birtəhər təmir etməyə çalışıram, necə deyərlər çuvalımızı sudan çıxarmağa çalışırıq”.
A.Vahidovun sözlərinə görə, müasir zamanın saatları keyfiyyətsiz istehsal olunduğundan tez xarab olurlar: “Bu gün satışda olan saatların 90 faizi Çin istehsalıdır. Baxırsan yaxşı görünüşü, işləməsi var, amma içi heç nədir”.
Ağabala Vahidov indi camaatın ayıldığını  və sovet saatlarından yenidən istifadə etməyə başladıqlarını da bildirir: “Təmir etdiyim saatlar içində sovet dövründən qalma saatlar da var. Artqı insanlar bilir ki, sovet saatının dəyəri nədir, işləmə mexanizmi necədir. İnsanların çoxu yenidən SSRİ dövrü saatlarına üstünlük verir və belə saatları almağa çalışırlar. Artıq sovet saatları da istehsal olunur və bura da gətirilir, satışda da var. İnsanların başı Çin istehsalından çox çəkdiyinə görə, əvvəlki saatlarla indikilərin fərqini artıq daha yaxşı bilirlər”.
Saatsaz onu da qeyd edib ki, bu gün təmir etdiyi saatların içərisində dünyaca məşhur firmaların saatları da var: “Məsələn, “Cartier”, “Tissot”, “Svatç”, “Sitizen”, “Oriyent” kimi brend markaları saatları təmir etdiyim vaxtlar da olub”.
34 il saatsaz işləyən Ağabala Vahidov saat alarkən insanların qiymətdən çox onun keyfiyyətinə fikir verməsini tövsiyyə edir: “Çalışsınlar ki, mexaniki saatları alsınlar, görkəmə aldanmasınlar. Bəzi bahalı firma saatları da yaxşı olur və onları da alan zaman mexanikaya baxmaq lazımdır. Ən əsası Çin istehsalı saatlardan uzaq olsunlar. Sənətkar olduğum üçün o çür saatları baxan kimi tanıyıram.
Sonda onu deyim ki, qol saatlarına maraq da azalıb”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı