Müasir texnologiyaların inkşafı bir çox köhnə vərdişlərin sıradan çıxmasın səbəb olub. Məsələn, vaxtilə uzaqda olan qohumla, dostla, yaxın bir insanla əlaqə saxlamaq üçün məktub yazırdılar. Hazırda isə bu ənənənə bir qədər unudulub desək, yanılmarıq. Müasir dövrdə texnologiyaların inkişafı insanlar arasındakı bu əzəli ünsiyyət vasitəsinin kölgədə qalmasına səbəb olub.
İndi insanlar məktub əvəzinə mobil telefonlardan, telefonların SMS xidmətindən, internetin köməyilə elektron poçt xidmətindən yararlanmağa üstünlük verirlər. Xüsusi ilə də, gənclər. İndi məktub yazanların sayı nə qədərdir, kimlər yazır, hara yazır..?
Modern.az-ın əməkdaşı bu məsələni araşdırmaq üçün öncə “Azərpoct”la əlaqə saxlayıb. Aldığımız məlumata görə, ölkəmizdə bu ənənə sıradan çıxmayıb, əksinə, son dövrlər məktub yazanların sayında artım müşahidə olunur.
“Azərpoct”un sektor müdiri Novruz Məmmədov bildirdi ki, il ərzində bur qurumun xidmətlərinin köməyilə 6 milyon məktub göndərilir. Bura həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərə olan məktublar daxildir. N.Məmmodov bildirdi ki, respublikada 32 özəl poçt da fəaliyyət göstərir. ””Azərpoçt”dan əlavə, özəl poctlar da var. Bu baxımdan lap dəqiq rəqəm deyə bilmərəm ki, il ərzində nə qədər məktub göndərilir. Amma, “Azərpoçt”a daxil olan məktub sayı 6 milyondur. Özəl poçtlar bizə hesabat vermədiyi üçün bu rəqəmin bir qədər yüksək olduğu istiasna deyil”.
“Son dövrlər məktub yazanların sayında azalma, yoxsa artma var” sualına cavab olaraq N.Məmmədov bildirdi ki, bu sahədə ümumilikdə inkişaf etmiş ölkələrdə azalma tendensiyası müşahidə olunur. Ancaq inkişaf etməkdə olan ölkələrdə əksinə, az da olsa artma müşahidə olunur. Müsahibimizin sözlərinə görə, Azərbaycan da məktub yazanların artdığı ölkələr siyahısına daxildir. “Son 10 ildə Azərbaycanda istər ölkədaxili, istərsə də beynəlxalq istiqamətlərdə kağız məktubların göndərişində artım var”.
Yazıcı Seyran Səxavət də mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşdü. Onun sözlərinə görə, məktublaşamq gözəl ənənə idi. “Yazılan məktublar uzun müddət qalırdı. Bəzən keçmiş xatirələri əks etdirən məktublara təzədən qayıdanda insana xoş təsir bağışlayır”.
S.Səxavətin sözlərinə görə, gənç nəsil yeniliklərdən sonra məktub yazmaq vərdişi demək olar ki, sıradan çıxır. “Çox təəssüf ki, indi məktuba ehtiyac yoxdu. Telefon vasitəsilə dünyanın istənilən yeri ilə əlaqə saxlamaq mümkündür. İnsan xisləti elədir ki, problemlərini həll etməkdə qısa yolu secir. Ən qısa da mobil telefondur, internet şəbəkəsidir. Ona görə də məktubların qırxı da çıxıb, ili də. Biz onları çoxdan dəfn etmişik”. S.Səxavətin sözlərinə görə, o uşaq vaxtı çox məktub yazıb. “Uşaq vaxtı o qədər məktub yazmışam. Dost-tanışlarım arasında mən bir mütəxəssis sayılırdım, hətta onların sevgi məktubunu yazmışıq. Ünvanına çatıb, çoxsuna da əlim düşüb. Özümdən başqa, hamıya əlim düşürdü. Sonra Bakıya oxumağa gəldik. Atamıza-anamıza məktub yazmışıq, məktub gözləmişik. Daha sonra universiteti bitirəndən sonra əsgərliyə getdim, orda da məktub yazmışam, məktub almışam. Şahın vaxtında İrana getmişəm. İki il orada işləmişəm, məktub yazmışam, almışam”. S.Səxavətin sözlərinə görə, ən çox məktub gözlədiyi vaxtlar İranda işlədiyi illərdə olub, qürbət ölkəyə gələn məktubun ölkə içindəkindən çox fərqi var.
Müsahibimiz deyir ki, o, məktuba ədəbi janr kimi yanaşır və onu ürəklə yazırdı. Elə bu baxımdan yazdığı məktubların yarıdan çoxunu bu günə qədər də xatırlayır. S.Səxavətin sözlərinə görə, məktub janrı onun istifadə etdiyi əsas janrlardan biri olub. Ölkədən kənarda olduğu vaxtlar dostlarının yaradıçılıq yazılarını oxuyub onlara məktub yazıb.
Müsahibimiz bildirdi ki, hazırda heç kimə məktub yazmır, eləcə də ona da məktub yazanlar yoxdur. Nadir hallarda S.Səxavətə xaricdən məktub gəlir, o da ki, hansısa tədbirə dəvət olur. Yazıçı bildirdi ki, məktub ənənəsinin unudulmasının mənfi cəhəti ondan ibarətdir ki, insanlar bir-birindən uzaqalaşır. ”Mənim anam atamın ona yazdığı sevgi məktublarını ömrünün axırına kimi saxlayıb. Hərdən psixologiyası ilə əlaqədar məktubları çıxarıb baxırdı, oxuyurdu. Yəni məktubun belə müqəddəs və gözəl çəhətləri var. O cəhətlər indikilərin vecinə deyil”.
S.Səxavətin sözlərinə görə, məktubun sıradan çıxmasınn əsas səbəbi texnikanın inkişafı ilə bağlıdır. “Bu yalnız texniki üstünlüklərdir, mənəvi cəhətdən isə gerilikdir. Oturursan bir dəqiqəyə Amerikaya faks göndərirsən, internetə girirsən, bütün dünya ovcunun icindədədir”. Müsahibimiz deyir ki, hər şeyin inkişaf etdiyi bir dövrdə insanları təəssübləndirmək çətindir. ”İnsan bütün xasiyyətlərini itirib yaşaya bilər. Amma insan təccüblənmək hissini itirəndə təxminən yarıölü kimidir. İnsan təccüblənəndə, ətrafda təccüblənməyə bir şey tapanda həyat gözəl olur. Artıq cəmiyət olaraq biz təəccüblənmək keyfiyətini çoxdan itirmişik”. Sədaqət SÜLEYMANOVA