Sabunçu, Pirşağı və Göygöldə məskunlaşan 1117 ailə, yaxud 3950 nəfər məcburi köçkün noyabrın sonunadək yeni yaşayış yerlərinə köçürüləcək, yeni evlərlə təmin olunacaq. Modern.az xəbər verir ki, bu barədə Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov bildirib. Onun sözlərinə görə, Bakı şəhəri Binəqədi rayonu ərzisində 1600 nəfər, Goranboyun Veysli kəndində salınan yeni qəsəbəyə 596 ailə köçürüləcək, habelə Qəbələdə məskunlaşan Kəlbəcər və Şuşa köçkünləri noyabrın sonunadək evlə təmin olunacaqlar. 2010-cu ilin büdcəsində məcburi köçkünlərin problemləri üçün ayrılacaq vəsaitlə bağlı öz münasibətini bildirən Əli Həsənov deyib ki, “Dövlətqaçqınkom”un verdiyi büdcə proqnozlarına Maliyyə Nazirliyi toxunmayıb: “Amma müəyyən maliyyə problemləri var. Gələn il üçün nəzərdə tutulub ki, Neft Fondunun hesabına Yevlaxda 612 köçkün ailəsi (2405 nəfər), Mingəçevirdə 500 ailə üçün mənzillər tikiləcək. Füzulidə də 500 ailə üşün mənzillər tikilməlidir”. Ə.Həsənov deyib ki, hazırda ölkənin 46 rayonundakı 226 məktəbdə 11 mindən artıq məcburi köçkün məskunlaşıb və onların da yaşayış yeri problemi həll olunmalıdır. Mingəçevirdə 14 ailə, Tərtərdə 210 ailəyə ev tikintisi üçün torpaq ayrılıb. Komitə sədri məktəblərdə yaşayan köçkünlərlə bağlı ən ağır problemin Bərdədə olduğunu vurğulayıb. Orada 32 məktəbdə 800 məcburi köçkün ailəsi məskunlaşıb. Ə.Həsənov deyib ki, ümumiyyətlə indiyə qədər bütövlükdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 2,9 milyard manat vəsait sərf olunub. Bunun 750 milyon manatı beynəlxalq təşkilatlar tərəfindən, 850 milyon manatı Neft Fondu tərəfindən, 1,3 milyard manatı dövlət büdcəsi tərəfindən ayrılıb. Bütövlükdə yalnız Neft Fondunun vəsaiti hesabına 62 qəsəbə salınıb, 82 min nəfər həmin yaşayış məntəqəlqərində məskunlaşıb. Təkcə 2008-ci ildə Azərbaycanda orta hesabla bir məcburi köçkün üçün 778 dollar vəsait sərf olunub. “Bu da dünyada məcburi koçkünlər üçün ən böyük göstəricidir. Ən yaxşı halda dünyanın bütün yerlərində bir məcburi köçkün üçün il ərzində 450 dollar xərclənir”. Ə.Həsənovun sözlərinə, artıq məcburi köçkünlərin sosial problemləri azalıb. 4 il əvvəl onlar arsinda yoxsulluq həddi 74% idisə, indi bu rəqəm 25%-ə enib. “Yeganə əsas problem Dağlıq Qarabağ problemidir. İnanırıq ki, yaxın vaxtlarda o da həllini tapacaq”.