
Son aylar rəsmi səviyyədə korrupsiya ilə mübarizə sərtləşdirilib. Bunun nəticəsi olaraq bir sıra dövlət qurumlarında nöqsanlara yol verən məmurlar, polis işçiləri cəzalandırılıb, işdən kənarlaşdırılıb. Rəsmilər korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kampaniya xarakterli olmadığını, bunun davam edəcəyini vurğulayırlar. İctimaiyyət nümayəndələri isə yalnız kiçik ranqlı məmurların cəzalandırılması ilə razılaşmır, korrupsiya və rüşvətin yol verildiyi dövlət orqanlarının rəhbərliyinin “təmizləmə”sini istəyir.
Bəs iqtisadiyyat yazarları antikorrupsiya tədbirlərini necə qiymətləndirilər? Modern.az bu sualla jurnalistlərə müraciət ebib. Cavabları təqdim edirik...
“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Mahir Həmzəoğlu deyir ki, korrupsiyaya qarşı mübarizəni yüksək qiymətləndirir.
“Bu dövlətin atdığı vacib addımdır. Bütün ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə də korrupsiya var və bu sahədə mübarizə aparılır. Bizdə korrupsiya var və bunun qarşısını almaq üçün addımlar atılır. Korrupsiyaya qarşı həm inzibati, həm də iqtisadi yolla mübarizə aparılır. Hesab edirəm ki, mübarizə addımları özünü doğruldur. Məncə son bir neçə ayda bunu hər kəs öz həyatında hiss edir”.
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Fuad Əliyev antikorrupsiya tədbirlərinin orta səviyyədə aparıldığını bildidb. Onun fikrincə, bu, iqtisadiyyatda özünü hələki göstərmir, antikorrupsiya tədbirlərinin həmin sahəyə hər hansı təsiri yoxdur.
“Üç nöqtə” qəzetinin əməkdaşı Pünhan Əfəndiyev korrursiya ilə mübarizə tədbirlərini alqışlayır və deyir ki, bu davamlı və daha da sərt üsullarla aparılsa daha effektli olar.
“Təəssüf ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində cəzalandırılanlar hələki kiçik vəzifə daşıyanlardır”. P.Əfəndiyevin sözlərinə görə, Azərbaycanda korrupsiya ilə mübarizə Gürcüstandakı kimi aparılsa, daha yaxşı olar.
“Orada nə rüşvət verən var, nə rüşvət alan. Həm rüşvət verən, həm də alan həbs olunur, buna görə də hamı bu işdən çəkinir. Gürcüstanın bu başından o biri başına gedirsən bir dənə də yol polisi səni saxlamır”.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Elbrus Cəfərlinin fikrincə, korrupsiya cəmiyyətdə ciddi sosial-iqtisadi və siyasi, eləcə də, kriminal problemlərin yaranmasına, qanunların işləməməsilə dövlətin demokratik dayaqlarının sarsılmasına, vətəndaşların dövlət, dövlət müəssisələrinə, dövlət qulluqçularına etibarının itiməsinə gətirib çıxarır.
“Bu baxımdan birbaşa dövlət, ilk növbədə, dövlət orqanlarında, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə, gömrük, notariat, sosial təminat sahələrində korrupsiyanın qarşısının alınması, vətəndaşlarda dövlətə inamın yüksəldilməsinə nail olmaqda daha çox maraqlıdır və rüşvətsiz cəmiyyətin formalaşdırılması istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Son aylar hökumətin bu istiqamətdə atdığı addımlar ümumilikdə strateji məqsəd hesab edilməklə, həm də ölkə həyatının bütün bölmələrində şəffaflığın təmin edilməsinə öz töfhəsini verir”.
E.Cəfərli deyir ki, iqtisadi, sosial, maliyyə, vergi, gömrük, nəqliyyat, qiymətli kağızlar, elm, təhsil, mədəniyyət, idarəetmə və digər sahələrə aid qurumlar öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, sahibkarların maraqlarının təmin olunması istiqamətində fəaliyyətlərini gücləndirməlidir. “Xüsusilə də, istehlak bazarı ilə birbaşa bağlı olan strukturlar inhisarçılıq və süni qiymət artırılması meyillərinin qarşısını qətiyyətlə almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün nəzarəti gücləndirməlidir”.
Həmkarımızın sözlərinə örə, dövlət başçısının inhisarçılığa rəvac verə biləcək faktorların qarşısının alınması üçün lazım olan bütün tədbirləri görməsi mübarizənin effektivliyini artırır.
“Mübarizə tədbirlərində təkcə dövlət deyil, həm də cəmiyyətin hər bir fərdi, hər bir sosial institut və qeyri-hökumət təşkilatları da bu prosesdə yaxından və fəal iştirak etməlidir. Bunun üçün hər bir vətəndaş öz üzərinə düşən sahədə rüşvətə təhrikedici halların yaranmasına rəvac verməməli, rüşvət və ya rüşvətverici təəssürat yaradan hallarda qanunvericiliyə uyğun hərəkət etməlidir”.
“Bizim Yol” qəzetinin əməkdaşı Vüsalə Rüstəmova isə deyir ki, korrupsiyaya qarşı mübarizə şou xarakteri daşıyır.
“İlk önçə mübarizəyə aşağı təbəqədən başladılar, bu bir o qədər də effekt vermədi. Bu yaxınlarda xəstə və həkimlər arsında baş verən hadisə bir daha göstərdi ki, aparılan tədbirlər şou xarakteri daşıyır.
Korrupsiyaya qarşı mübarizə yuxarıdan başlamalıdır. 50 manata qədər verilən pul rüşvət sayılmır. Gedib həkimlərin başının üstünü kəstirib onların 5-10 manat aldıqlarına nəzətər edirlər, bu sahədə çalışanların rüşvət alması onların maaşının azlığından irəli gəlir. Bu yolla biz səhiyyəni iflasa doğru aparırıq.
Korrupsiyaya qarşı mübarizə investiya, büdcə sahəsində həyata keçirilməlidir. Eləcə də bu səhəyə ictimai nəzərət güçləndirilməlidir. Onda demək olar ki, korupsiyaya qarşı mübarizə var, ya yox.
Korrupsiyaya qarşı mübarizə çərçivəsində bir neçə dəfə iclaslar keçirildi, bir neçə şəxs işdən uzaqlaşdırıldı. Mən bunu bir neçə yazımla da sübüt etdim ki, onlar hamısı formal xarakter daşıyır. O insanlar ya bir neçə il əvvəl vəzifədən getmiş, ya təqaüdə çıxmış, ya başqa vəzifəyə təyin olunmuş, yaxud da rəhmətə getmiş şəxslərdi. Onların adlarını korrupsiyaya qarşı mübarizə siyahısına saldılar”.
V.Rüstəmovanın fikrincə, korrupsiyaya qarşı mübarizə iqtisadiyyatda hiss olunmur: “Hələ də inhisarçılıq, monopoliya var. Belə olan halda hansı mübarizədən danışmaq olar..?” .
“Şərq” qəzetinin əməkdaşı Seymur Qasımbəyli deyir ki, o, jurnalist kimi karrupsiyaya qarşı mübarizəni yüksək qiymətləndirir.
“Mütləq korrupsiya aradan qaldırılmalıdır. İdeal insan olmadığı kimi, ideal cəmiyyət də yoxdur. Dünyanın heç bir yerində korrupsiyanı tam aradan qaldırmaq mümkün deyil. Amma azalmalar ola bilər. Məsələn, qonşu Gürcüstanın bu səhədə atdığı addım bizə nümunə ola bilər. Azərbaycan da korrupsiyaya qarşı mübarizə aparır. Bu addımlar daha da intensivləşməlidir.
Biz iqtisadçılarla, vəkillərlə söhbətlər aparırıq. Onlar deyir ki, korrupsiya ilə mübarizə sahəsində irəliləyişlər olsa da, bu addım hələ lazımı nəticələri verməyib”.
Jurnalistin fikrincə, korrupsiyaya qarşı mübarizə məhkəmələrdən başlamalıdır.
“Hazırda aparılan mübarizəni iqtisadiyyat sahəsində hiss etmək olur. Həm təhsildə, həm səhiyyədə, həm də yol polisində görmək olar. İnsanlarda inam var ki, harasa gedəndə ondan rüşvət tələb etməyəcəklər. Bu addımlar insanların yaxşı yaşayışına müsbət təsir edir, artıq hər bir insan bunu həyatında da hiss edir. İnsanların daha da yaxşı yaşaması üçün, daha da yüksək nəticələr əldə etmək üçün bu addımları intensivləşdirməliyik”.
“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərovun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə aparılsa da, hələ əvvəlki vəziyyətlə indinin elə bir fərqini hiss etməyib.
“Gözləntilər var idi ki, bu mübarizə nəticəsində bazarlarda qiymətlərdə xeyli enmələr olacaq. Amma olmadı. Düzdü, aprel ayında bazarlardakı qiymətlərdə müəyyən enmələr oldu, amma bu, bir o qədər də nəzərəçarpacaq dərəcədə olmadı.
Sosial xidmət sahələrində, təhsildə, səhiyyədə rüşvət verilməsi halları azalıb. Amma ümumilikdə korrupsiya ilə mübarizə o qədər də hiss olunmur”.
“Bakı Xəbər” qəzetinin əməkdaşı Rüfət Sultan: “Korrupsiya ilə mübarizə görüntü xarakteri daşıyır. Ərəb ölkələrində baş hadisələrdən qorxuya düşən hakimiyyət nümayəndələri bellə bir addım atıb. Əgər belə olmasaydı, “iri balinalar” cəzasını çəkərdi. İndiyə kimi korrupsiyaya görə işdən çıxarılanların hamısı kiçik məmurlardı. Hansısa məktəbin dirtektoru və s.
İqtisadiyyat səhəsində də korrupsiyaya qarşı mübarizə hiss olunmur. Yenə də iri monolopolistlər öz mövqelərini möhkəmlətməkdədirlər. Korrupsiyanın bir növü də monopoliyadır və buna qarşı mübarizə aparılmır. Əgər korrupsiyaya qarşı atılan addımların təsiri varsa da, bu çox çüzidir”.
“Ekspress” qəzetinin əməkdaşı Bəkir Nərimanoğlu korrupsiyaya qarşı mübarizənin kampaniya xarakterli olacağına deyir.
“Belə fikirləşməyimin əsas səbəbi də odur ki, əgər hər hansı problemə qarşı mübarizə aparılırsa, ilk növbədə həmin problemi doğuran ilkin səbəblər aradan qaldırılmalıdır, bu səbəblərlə mübarizə aparılmalıdır. Azərbaycanda korrupsiyanın olmasının əsas səbəbi siyasi hakimiyyətin iradəsi məsələsidir. İqtisadiyyat sahəsində də bu mubarizə hiss olunmur. Azərbaycanda inhisaçılıq var və bu inhisarçılıq korrupsiyanın bir qoludur. Əgər mübarizə olsaydı, sürətli qiymət enmələri müşahidə olunardı. Ancaq biz bunun əksini görürük”.
“Yeni müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva deyir ki, korrupsiyaya qarşı mübarizə gözdən pərdə asmaq, vaxt qazanmaq üçün atılan bir addımdır.
“Bir müddət əvvəl Mərkəzi klinikanın təmirə bağlanması bunu bir daha göstərdi. Xəstələri atdılar bayıra, xəstəxanaların pulsuz olduğunu eşidən insanlar xəstəxanaya axışmışdı. Bu da həkimlərə sərf etmədi. Təmirə bağlandı, bir neçə korpusu bağladılar.
Eyni zamanda indi həkimlər xəstələri düzgün müayinə etmir, elan vurulub ki, kim hansı rayonda qeydiyatdadısa, oranın poliklinikasına müraciət etsin. İri xəstəxanalar isə yalnız rayonlardan göndərişlə gələn xəstələri qəbul edir.
Uşaq bağçalarında da həmin vəziyyəti müşahidə etmək olar. İndi bağçalar ödənişsiz olsa da, ayda hər uşaqdan 20-30 manat yığılır. Bağça rəhbərləri ilə bununla bağlı söhbət etdim, onlar bildirdi ki, başlqa carələri yoxdur, Təhsil Nazirliyi onlara ərzaq vermir”.
R.Rəfiyeva deyir ki, bir müddət əvvəl sənədsiz evlərin puluz sənədləşdirilməsinə başlanılsa da, proses dondurulub. “Bizədə olan məlumata görə, gömrük sahəsində olan rüşvət əvvəlki səviyyəsində qalır, monopoliya hökm sürür”.
“Trend” İnformasiya Agentliyinin əməkdaşı İlahə Xəlilova isə əksinə, korrupsiyaya qarşı mübarizənin hiss olunduğunu vurğulayıb: “Dövlət bu sahədə çox gözəl addımlar atır. Adi insanlar hər hansı quruma, nazirliyə müraciət edəndə bunu hiss edə bilir.
Bu mübarizə iqtisadiyyat sahəsində də hiss olunur. Bunu yazar olaraq demək bir qədər çətindir, daha çox bu sahədə çalışan insanlar söyləyə bilərlər”.
Sədaqət Süleymanova