Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində cəza çəkirlər. Son illər Tərbiyə müəssizəsində azyaşlı məhkumların saxlanılma şəraiti, sağlamlıq vəziyyəti, təhsili, cəmiyyət üçün yararlı vətəndaşlar kimi formalaşdırılması istiqamətində bir sıra işlər görülüb. 2009-cu ilin 6 ayında Azərbaycanda 22 yetkinlik yaşına çatmayan uşaq məhkum edilib. Modern.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Musayev bildirib. Azərbaycanda həyata keçirilən humanist siyasət nəticəsində son dövrlərdə imzalanan əfv fərmanları sayəsində bir qrup azyaşlı məhkum da azadlığa buraxılıb. T.Musayev bildirib ki, azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayan şəxslərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən islahatlar həyata keçirilməkdədir. Məhkumların sosial müdafiəsinin təmin edilməsi, onların müasir cəmiyyətə adaptasiya olunmaları üçün Penitensiar Xidmət tərəfindən dövlət və qeyri-hökumət təşkilatları ilə əlaqələr daha da genişləndirilir. T. Musayev Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün müasir standartlara uyğun yeni tərbiyə müəssisəsi inşa olunacağını, müəssisənin indiki binasının isə ləğv olunacağını deyib. Nazir müavini ”Uşaq koloniyası” kimi tanınan Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində hazırda 49 nəfər azyaşlı məhkumun cəza çəkdiyini qeyd edib. Onlar əsasən oğurluğa, quldurluğa, qəsdən adam öldürməyə, sağlamlığa qəsdən zərər vurmaya, soyğunçuluğa, narkotik maddə istifadəçisi olmağa görə tutulublar. Müəssisədə respublikanın bütün bölgələrindən uşaqlar var.
“Modern.az”