2009-cu il oktyabr ayının 1-i vəziyyətinə əhalinin sosial müdafiəsi orqanlarının qeydiyyatında olan 1298,9 min nəfər pensiyaçının 65 faizi yaşa görə, 24 faizi əlilliyə görə, 11 faizi ailə başçısının itirilməsinə görə pensiya alır. Modern.az xəbər verir ki, məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Komitədən verilən məlumata görə, pensiyaçıların ümumi sayından 1,4 faizini cari ilin 9 ayı ərzində ilk dəfə qeydiyyata alınmış və pensiya təyin olunmuş şəxslər təşkil edir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 99,93 manat olub və orta aylıq əmək haqqının 34 faizini təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, cari ilin oktyabr ayının 1-i vəziyyətinə 291,3 min nəfər sosial müavinət alıbr. Yaşa görə müavinət alanların sayı 17,8 min nəfər, əlilliyə görə - 92,2 min nəfər, ailə başçısının itirilməsinə görə - 31,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58,4 min nəfər olub. Əmək pensiyasını almaq hüququ olmayan 55,9 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə aylıq müavinət təyin edilib. 11,5 min ailədə olan 22,4 min uşağa müavinət təyin olunub. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl qəzası əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 991 nəfər qəyyumlarına müavinət təyin olunub. Bundan əlavə, 77,2 min nəfərə, o cümlədən 70,9 min uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş 4,9 min şəxsin müalicəsi üçün birdəfəlik müavinət verilib. Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 32,6 min nəfər təqaüd alıb.
2009-cu il oktyabr ayının 1-i vəziyyətinə ölkədə 151,6 min ailənin 691,1 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb, 1 nəfərə düşən orta aylıq məbləğ 23,43 manat təşkil edib.