Ədliyyə Nazirinin müavini Toğrul Musayev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 300 mindən artıq uşağın qaçqın və məcburi köçkün düşdüyünü bildirib. Onun sözlərinə görə bu uşaqların bütün hüquqları pozulub.
Maraqlıdır, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi bu barədə nə düşünür? Namayəndəliyin rəhbəri Mark Herevard Modern.az saytına bildirib ki, YUNİSEF Azərbaycana gəldikdə prioritet kimi qaçqın və məcburi köçkün uşaqların problemləri götürülüb: “Əməkdaşlıq zamanı çalışdıq ki, bu uşaqlar üçün təhsil, səhiyyə və sosial müdafiə sistemləri adi uşaqlardan çox da seçilməsin. Azərbaycan hökumətinin bu sahəyə ayırdığı diqqət çox vacibdir. Biz başa düşürük ki, bu çətindir və onların vəziyyəti müvvəqəti bir haldır. Belə olan halda bu müvvəqəti vəziyyətə xeyli investesiyalar yatırtmaq da çətin bir qərardır”.
Mark Herevard 300 mindən çox uşağın Ermənistan tərəfindən hüquqlarının pozulıması ilə bağlı bir şey deməyib. O, qeyd edib ki, son 5 ildə Azərbaycan höküməti ilə əməkdaşlıq proqramı çərçivəsində xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqlar üçün tədbirlər görürlər: “Bu əməkdaşlıq başa çatmaq ərəfəsində olduğuna görə biz artıq yeni əməkdaşlıq proqramını planlaşdırırıq. Hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq edərək həyata keçirilməsi nəzərdə tutulan proqramın icrasının təhlilini aparırıq. Ali komissarlıq Azərbaycandakı məcburi köçkünlərin ümumi vəziyyəti ilə bağlı tədqiqat aparır. Tədqiqatın nəticələri artıq Azərbaycan hökumətinə təqdim olunub. Biz ümid edirik ki, tədqiqata uyğun olaraq gələcək rolumuz bəlli olacaq”.