Modern.az

Qanunsuz qaşqaldaqlar...

Qanunsuz qaşqaldaqlar...

Ölkə

17 Noyabr 2009, 16:33

Internet xəbər portallarının birindən ilk baxışda o qədər də diqqəti cəlb etməyən belə bir xəbər oxudum ki, Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldağın satıldığı aşkar edilib və bu zavallı quşlar müsadirə edilib. Qaşqaldaq ov quşudur və ölkənin cənub bölgəsinin mətbəxində onun ətindən ləzzətli təam hazırlanır. Qaşqaldaqla işimiz yox…Əslində işimiz var. Çünki yazıq quşun qarşısında “qanunsuz” ifadəsi var. Məhz ona görə “iişimiz var” deyirəm ki, təkcə təbiətdə deyil, bizim cəmiyyətdə də “qanunsuz qaşqaldaq” ovuna çıxanlar kifayət qədərdir. 

Hacıbala Abutalıbovun sayəsində populyarlıq qazanmış  “qanuni” və “qanunsuz” ifadələri hazırkı gündəmin ən güclü barometrinə çevrilib. Gah qanunsuz tikillər sökülür, gah qanunsuz zəbt edilmiş evlər boşaldılır. Bir sözlə, “qanunsuz” ifadəsi haqqın qələbə çalmasına çağıran bir sloqana çevrilib.

Hədəf aydındır; Vətəndaşlar qanunlara tabe olmalı, onun tələbləri ilə yaşamalıdır. Çünki qanun işləməyən yerdə həmişə “dal qapılar” açılır. Bəs əgər qanuna hər iki tərəfdən hücum olursa, o zaman nə etməli? Boynumuza alaq ki, Azərbaycanda qanuna riayət məsələsi bir qədər qəliz məsələdir və bu yöndə hərənin öz arqumentləri var. Adamlar hər şeydən əvvəl özlərinin həyat tərzində qanunlara sayğını göstərməli və sonra digərlərini buna əməl etməyə çağırmalıdırlar.

Bizdə isə məsələ bir qədər başqadır.

 

Qəribədir, maşın alan hər bir şəxs sürməyi öyrəınmək üçün “Avtoşkloya” getmək əvəzinə “QAİ”-yə üz tutur. Filan qədər verib sürücülük vəsiqəsi alır. Son illərin maşın qəzalarının statistikasına baxın - tükürpədici rəqəmlərin şahidi olacaqsınız.  Dəhşətli orasıdır ki, bu qəzalar ölkəyə hər il gətirilən yeni avtomobillərin artım tempi ilə uzlaşır.  Polis isə “prava” verdiyi adamın bir üzünə baxmır ki, bu şəxs sükan tuta bilir-yoxsa yox…Bu səbəbdəndir ki, yollarda “quş buraxan” sürücülərimiz bəs deyincə artıb. Elə artıb ki, artıq professional sürücülər onlardan əməlli-başlı ehtiyat edirlər.  Elə son həftənin kriminal xronikasına baxın- 4 ailə avtoqəzanın qurbaına çevrilib. Ölkədə polis və maşın sürə bilməyən insanların mehriban bir dairəsi yaranıb. Hamı bu izdivacdan razıdır- “Prava” verən polis də,  maşın sürə bilməyən sürücü də. Vəziyyət lap tragikomik filmlərə oxşayır. Polis isə buna çarə tapmaqdansa, “radar” biznesinə girişib. Vəhşi təbiət haqqında film çəkirmişlər kimi yollarda, ağac dalında, kol-kosun içində  kamera qurur və…qurbanlarını gözləyir… 

 

Digər “quş buraxan”lar da var. Söhbət rüşvətxor məmurlardan və onlara həvəsələ pul verən vətəndaşlardan gedir. Özü də rüvşətalma  posesi daha çox orta və aşağı məmur təbəqəsi arasında yayılıb.  Bir dəfə rüşvətlə bağlı yazı hazırlayırdım və müsahibə aldığım ekspert mənə maraqlı bir açıqlama verdi. O, “bilirsiniz niyə rüşvətə qarşı effektli mübarizə aparmaq olmur?” deyib səbəbini belə izah etmişdi: “Azərbaycanda rüşvət latent xarakterlidir- proses qapalı, iki nəfər arasında baş verir” . Yəni könüllü, şahidsiz -filansız…Vətəndaş rüşvəti işinin düzəlməsi naminə könüllü verir, məmur da ləzzətlə alır. Qanun-filan həmin vaxt onun vecinə belə deyil. Əksinə, zorlanmış Femida bu zaman daha çox “işə” mane olan faktor kimi çıxış edir.     

…İşinin tez alınması üçün məmura könüllü rüşvət verən vətəndaş elə qanunsuz ovlanan qaşqaldaqdan o qədər də fərqlənmir. Hər ikisinin motivi eynidir; Qurbanlıq!  Vətəndaşların həkim və müəllimlə  münasibətləri də bu baxımdan aktualdır.

…Avropada ictimai qınaq deyilən bir pressinq var. Mahiyyəti sadədir; Sən gəlir deklorasiyasında göstərdiyin qazancın sənə verdiyi həyat tərzindən artıq yaşaya bilməzsən. Məsələn, Almaniyada gəliri yalnız “Folsvagen” sürməyə gücü çatan qonşunuz birdən-birə son model “Mersedes” sürürsə, o zaman o, bu maşını sürməyə haqqı çatdığını subüt etməlidir. Özünün gəlir deklorasiyası ilə! Çünki cəmiyyət bunu ondan tələb edir. Əks təqdirdə o, işgüzar imicini, cəmiyyət arasında nufuzunu itirə bilər. Bizdə bunu yalnız xəyallarda canlandırmaq olar. 

 

…Cənablar, Qanun hamı üşün bir olmalıdır. Təkcə qaşqaldaqlara aid edilməməlidir. Təəssüf ki, hələ Azərbaycanda qanunu özünün şəxsi maraqlarına  çevirməyi bacaran xeyli qaşqaldaq qışlayır. Məncə, onları da ovlamaq mövsümü başlamalıdır!  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?