Modern.az

Maskalı adamlar...

Maskalı adamlar...

Ölkə

7 İyun 2011, 13:35

Həyatımın bütün dönəmlərində maskalı adamlarla rastlaşmışam. Maskalı adamları qohumlar arasında da, yadlar arasında da görmüşəm. Qəribə xasiyyətim var-həmin adamların xislətinə bələd olan kimi ondan birdəfəlik üz döndərmişəm. Daha bir çoxları tək siyasət işlədib onun maskalanmasına seyirçi qalmamışam...

...Əksəriyyət onu tanıyır. İstedadlı qələm sahibidir. Qələm dostları onun təfəkkürünə heyrandırlar. Ancaq tanıdığım maskalanmışlardan birisidir. Yazılarında mənfi obrazları oxucuya elə təqdim edir ki, həmin obrazlarla həyatda rastlaşsan çox güman tənqid və təhqir hədəfin ola bilər. Özü isə heç də bir insan olaraq onlardan fərqlənmir. Məsələn, ölmüş doğmasının mirası üstündə mübarizə aparıb çox qazanmaq istəyəndə ona dur dedilər. Və bildirdilər ki, sənin statusunda olmasa da, ancaq maddi cəhətdən səndən çox-çox ehiyacı olan və anadan yetim olanların haqqı böyükdür. Bunları qulaqardına vuran masakalı adam o anda maskasını çıxarıb əsil simasını göstərdi və mirasın bir qisminə sahib çıxdı. Bir müddətdən sonra çoxlarının bəh-bəhlə oxuduğu və müzakirə mövzusuna çevrilən əsəri işıq üzü gördü. Dostları maska taxmış bu adamın əsil simasını hələ də görə bilmirlər, çünki onun maskasını yırtan adam yoxdur. Bəlkə də olmayacaq. Bəlkə də var, mənim kimi çəkilib bir kənara, nifrətlə susur...

...Onu da lap çoxdan tanıyıram. Oturub söhbət edəndə elə danışır ki, deyirsən bunun kimi dürüst, vicdanlı, ləyaqətli və hər kəsin sevincini bölüşən, kədərinə şərik olan, paxıllıq, xislətinə yad birisidir. Elə ki, bərkə-boşa salırsan daxili görünür. Baxırsan ki, bu adamda dürüstlük sadəcə işlətdiyi gözəl ifadələrdədir. Vicdanı, ləyaqəti bir kənara qoyuram, çünki bu dəyərlərin ona heç bir aidiyyatı yoxdur. Sevinci və kədəri bölüşəndə isə ikiqat maskasını taxıb, gözlərinin içinə baxıb qıpqırmızı yalan deməkdən həzz alanlardandır. Paxıllıq bu adamın boyuna biçilib, alın yazısıdır, Tanrının layiq olduğu bəndələrinə verdiyi pis bir xüsusiyyətdir ki, içini qurd kimi didib parçalayır. Gecələr də ona rahatlıq vermir. Belə maskalı adamlar hər addımbaşı qarşımıza çıxır. Onların maskasını yırtsaq da, tam çıxara bilmirik. Çünki yırtılan maskanı yamamaqda mahirdirlər...

...Yaşının az olmasına baxmayaraq xüsusi maska taxanlardandır. İlk nəzərdə bu çox da hiss olunmur. Müəyyən mərhələyə və ada çatmaq üçün taxdığı maskanı qorumaq istəyir. Həm də maskasının yırtılmağından ehtiyatlanır. Bilir ki, maskası yırtılsa yarı yolda qalacaq, məqsədinə çatmayacaq. O, eyni zamanda, istedadlı aktyordur. Təhsili olmasa da, bütün rolların öhdəsindən məharətlə gəlir. Olur ki, ağlayır və ətrafını kövrəldir, onlarda özünə qarşı mərhəmət yaradır. Olur ki, işi keçəcəyi insanı tərifləməkdən bezmir. Olur ki, aşağılanır, ancaq dözür. Hələ yolun başlanğıcında olduğunun fərqindədir...

...Mən isə yolun yarısındayam. Hələ də maskalı adamlar qarşıma çıxır. Aldanmıram, çünki onları tanımaqda yol göstərənim var-Ulu Tanrı...

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı