nsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova azyaşlı məhkumların saxlanılma şəraiti, sağlamlığı, təhsili, onlara qarşı rəftarın vəziyyətini, problemlərini öyrənmək üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində olub.
Modern.az Ombudsmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 noyabr – Ümumdünya Uşaqlar günü ilə bağlı keçirilən görüşdə BMT-nin İctimai İnformasiya Departamentinin (UNDPİ) Azərbaycandakı nümayəndəsi də iştirak edib.
Ombudsman məhkumları Ümumdünya Uşaqlar günü, Milli Dirçəliş günü və qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. O, bu müəssisədə tərbiyə olunanların onun daim diqqətində olduğunu bildirib, azyaşlı məhkumlara təhsil almağı, biliklərə, əmək vərdişlərinə, peşələrə yiyələnməyi, cəza müddətini başa vurub ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, islah olunmağı, cəmiyyət üçün faydalı vətəndaşlar kimi formalaşmağı, xalqımızın zəngin milli-mənəvi dəyərlərindən bəhrələnməyi tövsiyə edib.
E.Süleymaniva deyib ki, ölkəmizdə həyata keçirilən humanist siyasət nəticəsində son dövrlərdə 45 əfv fərmanı imzalanıb, 9 amnistiya aktının tətbiq olunub. Ombudsmanın müraciətləri nəzərə alınaraq, bu günədək ümumilikdə 300-ə yaxın məhkumun, o cümlədən azyaşlı məhkumun əfv edilərək azadlığa buraxıldığı diqqətə çatdırılıb.
E.Süleymanova bildirb ki, şəhər və rayonlarda, kənd yerlərində yaşayan uşaqların, həmçinin qaçqın və məcburi köçkün, imkansız, ailə himayəsindən məhrum olmuş, uşaq müəssisələrində tərbiyə alan, habelə baxımsız olan, zorakılığa məruz qalan və digər hüququ pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək məqsədilə Ombudsman təsisatında «916» nömrəli qaynar xəttin yaradılıb. "Qaynar xətt" 24 saat ərzində fəaliyyət göstərir.
Müvəkkil bu günlərdə "Yuvenal ədliyyə haqqında" Azərbaycanda ilk qanun layihəsinə dair fikirlərini bölüşdüyünü, təklif və tövsiyələr verdiyini deyib. O, "Yuvenal ədliyyə haqqında" qanunun qəbul olunmasının yetkinlik yaşına çatmayanların cinayət-mühakimə icraatı zamanı əməli təcrübədə meydana çıxan problemləri aradan qaldırmaqla yanaşı, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinin icrası, həmçinin Azərbaycanda mükəmməl yuvenal ədliyyə sisteminin formalaşması üçün irəliyə doğru atılmış addım olacağını, uşaqların ən yaxşı maraqlarının təmin olunmasına xidmət edəcəyini söyləyib.
E.Süleymanovanın Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Avropa Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsini, “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi diqqətə çatdırılıb.
Tədbirdə Uşaq Hüquqları Konvensiyası ilə bağlı slaydlar göstərilib, Ombudsman uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri bu konvensiya ilə bağlı azyaşlı məhkumlara məlumat verib, uşaq hüquqları mövzusunda interaktiv müzakirələr aparılıb.
Sonra şirniyyat və meyvələr azyaşlı məhkumlara paylanıb, müvafiq ədəbiyyat müəssisənin kitabxanasına verilib, həmçinin Ombudsman təsisatında hazırlanmış «916» nömrəli qaynar xətlə bağlı və “Uşaqları cismani cəzadan qoruyun” adlı plakatlar müəssisəyə təqdim edilib.
Ombudsman Tərbiyə müəssisəsinin görüş otağında yetkinlik yaşına çatmayan məhkumlara baş çəkən valideynlərlə görüşüb, onların vəziyyəti, qayğıları ilə maraqlanmış, müvafiq tövsiyələr verib.