MEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA elmi müəssisə rəhbərləri, alim və mütəxəssislərin iştirakı ilə keçirilən toplantıda M.Füzuli adına Əlyazmalar İnstitunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov “Azərbaycan əlyazmalarının kataloqlaşdırılması məsələləri” mövzusunda elmi məruzə ilə çıxış edib.
M.Adilov bildirib ki, orta əsr mənbələri tarixində Azərbaycan ərazisində 1 milyondan artıq əlyazma kitabının toplanıldığı göstərilib. O, belə zəngin yazılı irsin mühüm bir hissəsinin tarixin sonrakı dövrlərində yadelli işğalçılar tərəfindən yandırılıb məhv edildiyini, xarici ölkələrə daşındığını qeyd edib. M.Adilovun sözlərinə görə, hazırda Azərbaycan xalqının yeganə əlyazma mərkəzi olan AMEA Əlyazmalar İnstitutunda cəmi 12 minə qədər əlyazma kitabı, 50 minə qədər əsərin əlyazması, 10 mindən artıq daşbasma və əski çap kitabları, tarixi-arxeoqrafik sənədlər, 20 min vahidə qədər arxiv materialları qorunub saxlanılır.
O, əldə edilmiş natamam kataloji məlumata görə, 12 mindən artıq Azərbaycan əlyazma kitabının Avropa, Amerika, Asiya və Şimali Afrikanın muzey və kitabxanalarında saxlanıldığını bildirib: “İnstitutda Azərbaycan əlyazmalarının kataloqlaşdırılması, tədqiqi, tərcüməsi və nəşrə hazırlanması istiqamətində fəal işlər görülür. Xaricdə saxlanılan Azərbaycan yazılı abidələrinin toplu kataloqu artıq tərtib olunub. İndiyədək 7 cild türk, ərəb və fars əlyazma kataloqları, eləcə də müxtəlif tematik kataloqlar və arxiv sənədlərini əhatə edən biblioqrafik göstəricilər nəşr edilsə də, bu hələ görülməli işin yalnız bir hissəsidir.”
M.Adilov deyib ki, institutun alim və tədqiqatçılarıAzərbaycan əlyazmalarının klassik üslubda kataloqlaşdırılmasına, eyni zamanda kataloji məlumatın müasir dünya standartları səviyyəsində təbliğinə çalışırlar. Amma Əlyazmalar İnstitutunun hazırkı fəaliyyətinin əsas prioritet istiqaməti burada mühafizə edilən abidələrin elmi-paleoqrafik təsvirinin kataloq şəklində nəşridir ki, bu məsələ hələ də həll edilməyib. Elmi məruzə ilə bağlı müzakirələrdə akademiklər Mahmud Kərimov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Rasim Əliquliyev və Rafael Hüseynov iştirak ediblər.
Toplantıda Əlyazmalar İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi və AMEA N.Gəncəvi adına Ədbiyyat Muzeyinin 70 illiyinin qeyd olunması haqqında qərar çıxarılıb.