Mədəniyyət Nazirliyi yeni mədəniyyət modelinin formalaşdırılması istiqamətində ciddi müqavimətlərlə qarşılaşır.
Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində bildirib. Nazir qeyd edib ki, cəhalətlə mübarizə Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biridir:
“Yeni mədəniyyət modelinin formalaşmasının kökündə məhz cəhalətlə mübarizə dayanır”.
Onun sözlərinə görə, bu proses şəffaflıq, sistemli yanaşma və davamlı islahatlar tələb edir:
“Bu yolu keçmək iradə və dözümlülük tələb edir. Asan proses deyil”. Adil Kərimli vurğulayıb ki, aparılan dəyişikliklərə qarşı müxtəlif təzyiqlər və təsirlər mövcuddur:
“Kimsə şəxsi maraqlarını Azərbaycan milli mədəniyyətinin maraqlarından üstün tutmağa çalışır”. Nazir bildirib ki, bütün çətinliklərə baxmayaraq, proses davam etdiriləcək:
“Bu yoldan çətinliklə də olsa keçəcəyik. Heç kəs bizim qarşımızı ala bilməz”.
O əlavə edib ki, Mədəniyyət Nazirliyində şəffaflığın təmin olunması istiqamətində işlər davam edir:
“100 faiz şəffaflığa nail olmaq üçün hələ işimiz çoxdur”.