Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “Məişət zorakılığı haqqında” qanun layihəsi bir ildən artıqdır ki, Milli Məclisin Sosial Siyasət Komitəsində müzakirə olunur. Məsələ parlamentin ötən sessiyasının plenar iclasına çıxarılsa da, deputatların sərt təpkisi ilə geri qaytarılıb.
Modern.az-ın məlumatına görə, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhramanova bildirib ki, bu, layihənin təsdiqlənməsi zəruri məsələdir: “Düzdür, layıhə parlamentdə müzakirə olunanda deputatların bəziləri bunun mentalitetimizə yad olduğunu əsas gətirdilər. Buna görə də israrla sənədin geri qaytarılmasına nail oldular. Ona görə də, mən bu layihənin ictimai müzakirəsini vacib sayıram. Deputatlar bildirdilər ki, zorakılığa məruz qalan hər hansı qadın məcburən 1-2 gün müvafiq yerdə məskunlaşsa, onun bu hərəkəti yaxşı qarşılanmayacaq. Sual olunur, həmin qadını bu hərəkətə təhrik edən nədir? Buna qiymət vermək lazımdır”.
Sədr müavini vəziyyətdən çıxış kimi yerlərdə Ailə və Uşaqlara Yardım Mərkəzinin yaradılmasını təklif edib.
Qeyd edək ki, “Məişət zorakılığı haqqında” qanun layihəsi Milli Məclisin 2009-cu il payız sessiyasının işlər planına salınıb.