Modern.az

“Türküstan” qəzetindən Irana qarşı etiraz çağırışı

“Türküstan” qəzetindən Irana qarşı etiraz çağırışı

Ölkə

20 Noyabr 2009, 10:07

Azərbaycanda çıxan “Türküstan” qəzeti İran hökumətinin gələn ildən "Azərbaycan" adlı avtomobilin istehsalına başlayacağı barədə bəyanatına etiraz edib.Bu barədə Modern.az-a qəzetin redaksiyasından məlumat daxil olub. Çağırışda deyilir:
- Əziz soydaşlar! Davamlı olaraq aşağılayıcı hərəkətləri ilə o taylı, bu taylı Azərbaycanımızın heysiyyatına toxunan İran hakimiyyəti indi də yeni “ideya” ortaya atıb. Belə ki, İran gələn ildən "Azərbaycan" adlı avtomobilin istehsalına başlayacaq. Bu barədə İran prezidentinin I müavini Məhəmmədrza Rəhimi Təbrizdə məlumat verib. O, Azərbaycana qarşı bu “lütfkarlığı” Əhmədnejadın azərbaycanlılara olan sevgisi ilə izah edib: “İranda yaşayan bütün xalqlar prezident üçün əzizdir, lakin Azərbaycan xalqı daha əzizdir və Prezident Əhmədinejad Azərbaycan xalqını daha çox istəyir".
İran rəsmisi “Azərbaycan” adlı avtomobilin istehsala başlamasını Əhmədinejadın Təbrizə ötən səfəri zamanı verdiyi vədlərdən birinin həyata keçirilməsi kimi təqdim edib.
Sayğılı həmvətənlər! Biz “Türküstan” qəzeti olaraq hesab edirik ki, Tehran rejiminin bu hərəkəti növbəti dəfə azərbaycanlıların aşağılanmasına yönəlib. Həmçinin, Azərbaycan Respublikasına qarşı açıq sayğısızlıqdır.
Ona görə də, dünyada analoqu olmayan bu hadisəyə - bir dövlətin adının başqa bir dövlətdə avtomobilə verilməsinə qəti etirazımızı bildirir, Azərbaycan hakimiyyətini bu biabırçılığa rəsmən etiraz bildirməyə və önləyici tədbirlər görməyə çağırırıq. Eyni zamanda, o taylı, bu taylı soydaşlarımızı bütün mümkün vasitələrlə doğma Vətənimizin şərəfli adının təhqirinə qarşı çıxmağa səsləyirik. Yaşasın Bütöv Azərbaycan!
 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?