Bakıda ictimai nəqliyyatdan itifadə edənlər xidmətin keyfiyyətindən razı deyillər. Aidiyyatı qurumlar uzun müddətdir bu sahədə islahatlar həyata keçirsələr də, ictimai nəqliyyatın-avtobusların işində hələ aradan qaldırılmalı çox problem var: nəqliyyat bolluğunda avtobusların vaxtlı-vaxtında ünvana gəlməməsi; onların yollardakı tıxaclarda ləngiməsi; nəqliyyatın dayanacaqlarda vaxtından çox gözləməsi; bunların nəticəsində sərnişinlərin mənzil başına gec çatması...
Aztutumlu və ortatutumlu avtobusların əvəzinə marşrutlarda işləyən iritutumlu nəqliyyat vasitələri arasında intervalın böyük olması da bəzi hallarda dayanacaqlarda basabasa səbəb olur. Nəqliyyat Nazirliyi “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin mətbuat katibi Samir Həsənovun sözlərinə görə, paytaxt sakinləri bir qədər də gözləməlidirlər. O, Modern.az-a deyib ki, Bakıda nəqliyyatın intellektual idarəetmə sistemi tətbiq olunandan sonra bu sahədəki problemlər aradan qalxacaq. Avtobusların dayanacaqlarda ona ayrılan vaxtdan çox dayanmasına gəldikdə isə “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin mətbuat katibi belə problemləein də oluğunu etiraf edib və günahı sürücülərdə görüb: “Avtobuslar dayanacaqda ancaq mindirib-düşürmə hallarında, son dayanacaqda isə müəyyən edilmiş vaxta kimi dayana bilərlər. Dayanacaqda avtobusların işinə Nəqliyyat Nazirliyinin xüsusi təyin edilmiş müfəttişləri nəzarət edir. Növbəti illərdə Cənubi Koreyadan olan mütəxəssislər tərəfindən Bakıda quraşdırılacaq nəqliyyatın intellektual idarəetmə sistemi sayəsində yollarda, yol ötürücülərində, dayanacaqlardakı vəziyyət, qəzalar haqqında məlumatlar vaxtında sürücülərə çatdırılacaq. Bu sistemin quraşdırılmasının 2011-ci ilə kimi yekunlaşacağı gözlənilir”.
S.Həsənov onu da qeyd edib ki, paytaxtda ortatutumlu avtobusların iritutumlularla əvəzlənməsi prosesi hazırda da davam etdirilir.
Günay MUSAYEVA