Modern.az

Uşaq cinayətləri: qanun pozucuları arasında oğlanlarla yanaşı, qızlar da var

Uşaq cinayətləri: qanun pozucuları arasında oğlanlarla yanaşı, qızlar da var

Ölkə

23 Noyabr 2009, 12:53

Rəsmi statistikasından aydın olur ki, Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında cinayət törətmə halları artıb. Balaca cinayətkarların bir qisminin taleyinə məhkumluq həyatı yaşamaq düşür, bir qismi isə müxtəlif cəza növlərilə canlarını həbsxanaya düşməkdən qurtararaq ailələrinə qaytarılır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yetkinlik Yaşına Çatmayanların Məcburi Tərbiyə Müəssisəsində 49 nəfər 14-17 yaşlı uşaq cəza çəkir.

 

Məhkəmə hakimlərindən narazılıq var

 

Bəzi Qeyri-hökumət təşkilatları Azərbaycanda cinayət törədən uşaqlar üçün yüngül cəza növlərinin tətbiqini təklif edir. Məsələn, Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirovun fikrincə, cinayət törədən uşaqlar dəmir barmaqlıqlar arxasına salınmamalı, onların reablitasiyası təşkil olunmalıdır. Yəni, reabilitasiya kurslarına cəlb edilən uşağa törətdiyi cinayətin pis olduğu anladılmalı, onun yenidən cəmiyyətə sağlam düşüncə ilə qayıtmasına çalışılmalıdır. Hüquq müdafiəçiləri deyirlər ki, cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qapalı müəssisələrdə yaşamaq çox çətindir. Azad həyatdan təcrid olunaraq qapalı mühitə salınma uşağın inkişafına, psixologiyasına mənfi təsir göstərir. Ekspertlərin fikrincə, cəzaçəkmə müəssisəsinə düşən uşağın tam reabilitasiyası mümkünsüzdür. Hüquq müdafiə təşkilatları iddia edirlər ki, bəzi hakimlər yetkinlik yaşına çatmayanlar barəsində ədalətsiz hökm çıxarmaqla onların cəzaçəkmə müəssisəsinə göndərilməsinə səbəb olurlar.

 

Yetkinlik yaşına çatmayan cinayətkarlar

 

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2007-ci ildə 508 nəfər yetkinlik yaşına çatmayan şəxs cinayət törədib və onlardan 357-si cinayət məsuliyyətə cəlb olunub. 2008-ci ildə isə cinayət törədən yetkinlik yaşına çatmayanların sayı 12,8% artaraq 573 nəfərə satıb, onlardan da məsuliyyətə cəlb olunanlar 392 nəfərdir. Ötən ilə narkotiklərlə bağlı cinayətlərə görə 5 nəfər yetkinlik yaşına çatmayan şəxs məsuliyyətə cəlb olunub. Araşdırmalar göstərir ki, cinayət törətmiş uşaqlar arasında təhsildən yayınanlar təhsil alanlardan daha çoxdur. 2009-cu ilin 9 ayında yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən 325 cinayət qeydə alınıb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, 2009-cu ilin yanvar-sentyabr aylarında respublika üzrə 11133 şəxs cinayət məsuliyyətinə cəlb edilib ki, onların da 259-u yetkinlik yaşına çatmayanlar olub. Narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 1956 nəfərdən 4-ü yetkinlik yaşına çatmayandır.

Azərbaycan Respublikasında 14-17 yaşlarında olan vətəndaşlar cinayət törədərkən məsuliyyətə cəlb olunurlar. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hər il ölkədə 14 yaşına çatmayanlar da xeyli cinayət törədirlər, amma onlar məsuliyyətə cəlb olunmurlar. Qanuna görə, Yetkinlik Yaşına Çatmayanların Məcburi Tərbiyə Müəssisəsində saxlanılan yetkinlik yaşına çatmayan məhkumlar 18 yaşları tamam olandan sonra böyüklər üçün nəzərdə tutulan cəzaçəkmə yerlərinə göndərilirlər. Rəsmi statistikaya görə, son dörd il ərzində Yetkinlik Yaşına Çatmayanların Məcburi Tərbiyə Müəssisəsində saxlanılan 120 nəfər cəzaçəkmə dövründə 18 yaşını tamamladığı üçün böyüklər üçün həbsxanalara keçiriliblər.

 

Azyaşlı cinayətkar qızlar

 

Əsas təəssüf doğuran hal cinayət törətmiş yetkinlik yaşına çatmayanlar arasında oğlanlarla bərabər qızların da olmasıdır. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub ki, hər il 20 nəfərdən çox 14-17 yaşlı yeniyetmə qız cinayət törətmiş şəxs kimi hüquq-mühafizə orqanlarında qeydə alınırlar. Qeyd etmək alzımdır ki, respublikamızda cinayət törətmiş 18 yaşı tamam olmayan qızlar üçün ayrıca tərbiyə müəssisəsi yoxdur. Onlar yetkinlik yaşına çatdıqdan sonra həbs olunur və qadınlar üçün cəzaçəkmə müəssisəsinə göndərilirlər.

 

Ən çox qeydə alınan cinayət oğurluqdur

 

Rəsmi statistik məlumatlarda bildirilir ki, yetkinlik yaşına çatmayan məhkumlar arasında hər iki valideyni olan ailələrdə böyüyən uşaqlar üstünlük təşkil edirlər. Sonrakı yerlərdə bir valideyni olan və ailədənkənar (internatlarda, uşaq evlərində) yaşayan yetkinlik yaşına çatmayanlar gəlir. Statistika son illər sərxoş vəziyyətdə cinayət törətmiş uşaqların sayının azaldığını göstərir. Təhlükəli məqam isə ondan ibarətdir ki, yetkinlik yaşına çatmayan cinayətkarlar arasında qayda-qanunları qrup halında pozanların çox olmasıdır. Yetkinlik Yaşına Çatmayanların Məcburi Tərbiyə Müəssisəsində uşaqlara gündə bir saat kompyuterdə işləmək öyrədilir, onlarla tərbiyəvi, psixoloji söhbətlər aparılır, peşə vərdişləri aşılanır. Uşaqlar burda məktəbə də gedirlər. Burada 1 orta məktəb, 1 peşə məktəbi fəaliyyət göstərir.

Araşdırmalar göstərir ki, yetkinlik yaşına çatmayan qanun pozucuları arasında ən çox törədilən cinayət oğurluqla bağlıdır. Rəsmi statistikada hər il 150-dək yeniyetmənin oğurluq etdiyi göstərilir. Bu kateqoriyadan olan şəxsllərin törətdiyi ikinci ən çox cinayət xuliqanlıqdır. Hər il 50-dən çox yeniyetmə xuliqanlıq, 20-dən çox uşaq isə soyğunçuluq etdiyinə görə saxlanılır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlər sırasına qəsdən adam öldürmə və adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağər zərər vurma, zorlama və zorlamaya cəd, dələduzluq, narkotik vasitələrin al-satqısı, istifadəsi və daşınması, hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması da daxildir.

Azərbaycan məhkəmələrinin yetkinlik yaşına çatmayan məhkumlara tətbiq etdiyi əsas cəza növləri azadlıqdan məhrumetmə, islah işləri, ictimai işlər, cərimələr və şərti məhkum etmədir. Rəsmi məlumatlara görə, məhkəmələrin azadlıqdan məhrum etdiyi yetkinlik yaşına çatmayanların təxminən 51 faizinə 5 ilədək, 49 faizinə isə 5 ildən 10 ilədək cəza kəsilir.

Ekspertlərin fikrincə, uşaqların hüquq pozuntusuna yol verməməsi üçün ailədə, məktəblərdə maarifləndirmə tədbirlərinin gücləndirilməsi, ictimai yerlərdə qabaqlayıcı  profilaktik aksiyaların sayı artırılmalıdır. Bundan başqa, telekanallarda uşaq psixologiyasına zidd filmlərin yayımlanmasının məhdudlaşdırılması da vacib addım hesab edilir. Ümuiyyətlə bu məsələlərdə valideynlərin, pedoqoqların, sosial işçilərin, psixoloqların, polisin və digər dövlət qurumlarının fəal olması əsas şərtdir. Adəm Qorxmaz

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?