Modern.az

Batmış əmanətlərlə bağlı nə yenilik?

Batmış əmanətlərlə bağlı nə yenilik?

Ölkə

25 Noyabr 2009, 12:40

Bir neçə ildir Azərbaycan hökuməti əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması ilə bağlı müzakirələr aparsa da, hər hansı nəticəyə gəlinməyib. 2010-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı da məlum oldu ki, batmış əmanətlərin gələn il qaytarılması üçün də vəsait nəzərdə tutulmur.

Qeyd edək ki, ölkə başçısının hələ 2005-ci ilin oktyabrında imzaladığı sərəncamla vətəndaşların sovet dövründən banklarda qalan əmanətlərinin indeksləşdirilməsi və qaytarılması üçün Dövlət Komissiyası yaradılıb. Komissiya vətəndaşların 1 yanvar 1992-ci il tarixinədək əmanət bankında batan vəsaitinə uyğun kompensasiyaların verilməsini tənzimləyən qanun layihəsi və onların ödənilmə mexanizmi barədə təkliflər hazırlamalı idi.

Lakin aradan dörd il ötməsinə baxmayaraq əmanətlərin qaytarılması prosesinə başlanılmayıb. Bunun əsas səbəbi isə prosesi tənzimləyən qanunun qəbul edilməməsidir.

Milli Məclisin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması məsələsilə məşğul olan işçi qrupu var. Lakin həmin işçi qrupun fəaliyyəti hiss olunmur. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə hələ yaz sessiyasının yekunlarına həsr olunan mətbuat konfransında bildirmişdi ki, əmanətlərin qaytarılmasını nəzərdə tutan qanun layihəsini icraedici hakimiyyətin orqanları Milli Məclisə təqdim edəcəklər. Z.Səmədzadə demişdi ki, Maliyyə və İqtisadi İnkişaf nazirlikləri əhalinin sovet dövründə banklarda qalmış əmanətlərinin qaytarılması üçün hesablamalar aparır. Bu hesablamalar niyə başa çatmır, əmanətlər nəhayət qaytarılacaqmı? Rəsmi şəxslər əmanətlərin qaytarılmaması ilə bağlı hər dəfə mətbuata açıqlamalarında müxtəlif bəhanələr gəririrlər. Gah bunu Dağlıq Qarabağ münaqişəsilə əlaqələndirməyə çalışır, gah da sovetlər birliyi dağıldıqdan sonra bank sektorunda ciddi qanun pozuntularının olduğunu, bəzi sənədlərin ya bilərəkdən, ya da səriştəsizlikdən itirildiyini, saxtalaşdırıldığını iddia edirlər. Bundan başqa, vətəndaşlara qaytarılacaq məbləğin çox böyük olması barədə deyilənləri də bəhanələr sırasına daxil etmək olar. Hər dəfə məsələ gündəmə gələndə İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin rəhbərləri MDB ölkələrinin bu sahədəki təcrübəsinin diqqətlə öyrənildiyini iddia edirlər.

Maliyyə naziri Samir Şərifov isə mətbuata deyib ki, bu məsələ ilə bağlı parlamentdə fəaliyyət göstərən komissiya Maliyyə Nazirliyinə hər hansı təklif göndərməyib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov Modern.az-a bildirib ki, əmanətlərin qaytarılması barədə indiyədək sadalanan vədlərin hamısı sadəcə sözdən başqa bir şey deyil. Deputatın fikrincə, bəzi rəsmi şəxslərin gətirdikləri bəhanələr, verdikləri vədlər batmış əmanətlərin sahiblərini sakitləşdirmək məqsədi güdür: "Hesab edirəm ki, əmanətlər daxili borc kimi qeydə alınmalıdır. Böyük dövlət müəssisələri özəlləşdirilən zaman əmanətçilər ya bu prosesə buraxılmalıdırlar, ya da prosesdən əldə olunan gəlirin müəyyən hissəsi əmanətlərin qaytarılmasına yönəldilməlidir. Belədə əmanətlərin qaytarılması üçün büdcəyə ağırlıq düşməz".

Xatırladaq ki, əmanət bankında pulları batan əmanətçilərin sayı 1 milyon 986 min 104 nəfərdir. Onların banklardakı əmanətlərinin həcmi isə 4,8 milyard sovet rublu qədərdir.

Bu isə indiki pulla 600 milyon manatdan (təxminən 800 milyon ABŞ dolları) çox edir.

 

Adəm Qorxmaz

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?