Modern.az

KİV nümayəndələri mətbuat xidmətlərinin rəhbərlərilə görüşdürülüb

KİV nümayəndələri mətbuat xidmətlərinin rəhbərlərilə görüşdürülüb

Ölkə

25 Noyabr 2009, 16:15

Söz Azadlığını Müdafiə Fondu (SAMF) “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” mövzusunda kütləvi informasiya vasitələri, mətbuat xidməti institutlarının təmsilçiləri, mütəxəssislər və hüquqşünasların iştirakı ilə dəyirmi masa keçirib.

Modern.az xəbər verir ki, dəyirmi masanı giriş sözü ilə SAMF sədri, şair Musa Yaqub açaraq tədbiri əhatə edəcək layihə barədə məlumat verib. O, bildirib ki, mətbuat xidməti rəhbərləri ilə KİV-lər arasında əlaqə yaratmaq, onların münasibətlərini müasir məcraya yönəltmək məqsədilə bir neçə mərhələdən ibarət bu layihəni həyata keçirmək istəyirlər.

Sonra SAMF-ın icraçı direktoru Vüqar Tofiqli çıxış edərək tədbirin hazırlanmasından, mətbuat xidmətləri rəhbərlərinin fond kollektivinin tədbirə dəvətlərinə fərqli münasibətlərindən danışıb. Onların bəzilərinin hələ də iş fəaliyyət prinsiplərinə belə dərindən yiyələnə bilmədiklərini qeyd edib.

“KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” mövzusunda isə SAMF-ın layihələr üzrə koordinatoru Nəzirməmməd Quliyev çıxış edib. N.Quliyev bildirib ki, mövzunun kütləvi informasiya vasitələri, mətbuat xidməti institutlarının təmsilçiləri, mütəxəssislərin fəal iştirakı ilə müzakirəyə çıxarmaq istəyi təsadüfi deyil. Çünki bu layihənin gerçəkləşdirilməsini zərurətə çevirən səbəblər var. Buna səbəb hər şeydən öncə bu sahədə kifayət qədər problemlərin mövcudluğudur. Problemlərsə əsasən jurnalistlərin məlumat almaq, informasiyaları dəqiqləşdirmək istəməsi, dövlət və özəl qurumların rəhbər şəxslərindən müsahibələr, açıqlamalar almaq istəmələri, başqa sözlə jurnalistlərlə mətbuat xidməti qurumlarının məcburi təması zamanı özünü göstərir. N.Quliyev deyib ki, bir neçə il əvvəllə müqayisədə indi bu sahədə müsbət meyllər də yaranmağa başlayıb. Belə ki, media ilə işini daha yaxşı quran və ya buna cəhd edən mətbuat xidməti qurumlarının da sayı artmağa başlayıb. Lakin təəssüf ki, eyni fikri həmin qurumların hamısına aid etmək mümkün deyil. Layihə koordinatorunun sözlərinə görə bu sahədə qanunvericilik kifayət qədər normaldır: “Əslində qanunvericiliyin tələblərinə görə, təkcə KİV qurumları deyil, hər bir vətəndaş istənilən təşkilata müraciət edib oradan qanunla ötürülməsi qadağan olmayan hər bir informasiyanı ala bilər”. N.Quliyev problemlərdə media mənsublarının da rolundan danışdı: “Təbii ki, KİV təmsilçilərinin də üzərində böyük məsuliyyət var. Elə jurnalistlərimiz var ki, fəaliyyətləri zamanı müvafiq ölkə qanunvericiliyinin, peşə etikasının, iş kodeksinin tələblərinə məhəl qoymurlar. Bu da ciddi problemlərin yaranması üçün əsas olur”. Sonra mövzu ətrafında tədbirə dəvət olunmuş mütəxəssislərin, KİV və mətbuat xidməti rəhbərlərinin iştirakı ilə geniş müzakirələr aparılıb. Sənaye və Energetika Nazirliyi mətbuat xidmətinin rəhbəri Azər Mənsimli, əməkdar jurnalist Ənvər Qafarlı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Bakı şəhəri üzrə Təhsil İdarəsi mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Akkord” Şirkətlər Qrupu mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva və başqaları çıxış edərək problem barədə danışıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?