Azərbaycanın ali təhsil müəssisələrində oxuyan tələbələrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin II turu çərçivəsində müsahibə başlayıb. Müsabiqənin birinci turuna oktyabrın 31-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqaüdə namizəd tələbələr üçün məntiqdən keçirilmiş test imtahanı ilə start verilmişdi.
Neft Şirkətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, birinci turda iştirak etmiş 458 namizədin 181-i yüksək bal toplayaraq ARDNŞ-nin təqaüd üzrə müsabiqəsinin ikinci turunda iştirak etmək hüququ qazanıb.
Bu turda namizədlər Şirkətin mütəxəssislərindən təşkil olunmuş komissiya tərəfindən müsahibə edilirlər. Müsahibələr 26 noyabr, 1 və 3 dekabr tarixlərində davam etdiriləcək. Müsahibədə Dövlət Neft Akademiyasının, İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Memarlıq və İnşaat Mühəndisləri Universitetinin, Qafqaz Universitetinin, Texniki Universitetin, Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr pilləsi üzrə 2-ci və 4-cü, magistr pilləsi üzrə 1-ci və 2-ci kurs tələbələri iştirak edirlər. Təqaüd Proqramının şərtlərinə görə, müsahibələrin nəticələri əsasında hər kursdan təxminən 30-a yaxın tələbə ARDNŞ-nin təqaüdünə layiq görüləcək. Müsahibələrin nəticələri ARDNŞ-nin internet saytında (www.socar.az) yerləşdiriləcək.
Xatırladaq ki, ARDNŞ perspektivli gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə bu layihəni 2004-2005 tədris ilindən həyata keçirir. İndiyədək respublikanın ali məktəblərində təhsil alan yüzlərlə tələbə ARDNŞ-nin təqaüdünə layiq görülüb.