Modern.az

Həbsdəki iş adamını müdafiə edənləri narkoman adlandırıblar

Həbsdəki iş adamını müdafiə edənləri narkoman adlandırıblar

Ölkə

26 Noyabr 2009, 13:07

Masallıda iş adamı Çingiz Həşimov və oğlunun xeyli vaxtdır həbsdə saxlanılması rayon ictimaiyyətinin etrirazı ilə müşayiət olunmaqdadır. Bir neçə dəfə rayonda Çingiz Həşimovun azadlığa buraxılması tələbilə etiraz aksiyası keçirən, dövlət orqanlarına müraciətlər ünvanlayan Masallı sakinlərini bu bölgəni Milli Məclisdə təmsil edən deputat Əhəd Abıyev də müdafiə edir. Modern.az xəbər verir ki, Əhəd Abıyevin sözlərinə görə, sahibkarı qanunsuz həbs etməklə bəzi qüvvələr, o cümlədən rayonun icra başçısı Masallıda qarışıqlıq yaratmaq istəyir. Noyabrın 26-da Ə.Abıyev deyib ki, iş adamının müdafiəsinə qalxan adamları artıq narkoman adlandırmağa başlayıblar. Belə iddiaları cəfəngiyyat sayan deputat deyib ki, iş adamının azadlığa buraxılmasını tələb edənlər xeyirxah insanlardır.

Deputat bildirib ki, Masallı rayonunda baş verən hadisələr düzgün təhlil olunmalıdır: “Milli Məclisin üzvləri Masallıda olanda sakinlər bizə müraciət edib rayonda olan real vəziyyət barədə məlumat verdilər. Mənim heç kimlə münaqişəm yoxdur, Çingiz Həşimov və onun oğlunun qanunsuz həbsi ilə bağlı öz sözümü demişəm. Çingiz Həşimovla mənim heç bir yaxın əlaqəm yoxdur. Çingiz Həşimovun əmisi oğlu Ədalət Həşimov Respublika Prokurorluğunda yüksək vəzifə tutur. Mən Ədalətdən Çingizin həbsinə niyə münasibət bildirmədiyini soruşdum. Dedi ki, onu otaqdan bayıra buraxmırlar. Respublikada bütün hüququ-mühafizə orqanları bu məsələdən xəbərdardır”. Ə. Abıyev Prezident Administrasiyasında yüksək vəzifəli şəxslərin qəbuluna düşə bilmədiyini də deyib. Masallı rayonunun İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ünvanına ittihamlar səsləndirib: “Hamı başa düşür ki, Masalıda qanunsuzluqlar baş verir. Mənim dediyim bütün sözlərin əsası var və bunları sübut edəcəyəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?