Azərbaycan hakimiyyəti müxtəlif insan tiplərindən formalaşıb. Komandada Bakı meri Hacıbala Abutalıbovun özünəməxsus yeri var. Onun hər sözü, hər hərəkəti yaradıcı insanlara mövzu verir, oxucuları həm gülməyə, həm də düşünməyə vadar edir.
Bir neçə il əvvəl AzTV–də “Dialoq” adlı məşhur bir veriliş vardı. Bu verilişdə qonaq olan ayrı–ayrı nazirlər, komitə və agentlik rəhbərləri tamaşaçılarla canlı ünsiyyətə girir, onları maraqlandıran suallara cavab verirdilər. Bir axşam Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu da studiyaya qonaq çağırmışdılar. Hacıbala müəllim paytaxt sakinlərinin çoxsaylı suallarını cavablandırır, onları maraqlandıran məsələlərə aydınlıq gətirirdi.
Merdən kömək istəyən növbəti tamaşaçı şəhid ailəsinin üzvü idi. Həmin qadın müraciətinə bu sözlərlə başladı: “Hacıbala müəllim, mənim həyat yoldaşım 1992–ci ildə Qarabağda şəhid olub...”. Amma Abutalıbov ona fikrini tamamlamağa imkan vermədi. O, üzünü kameraya tutaraq “yox, bacım, sizə yanlış məlumat veriblər. Sizin həyat yoldaşınız həlak olmayıb. O yaşayır” dedi.
Xəttin o başındakı qadından səs çıxmadı. Çox güman ki, qəfil eşitdiyi bu xəbərdən sonra onun halı pisləşmişdi. Hətta verilişin təcrübəli aparıcısı da özünü itirmişdi. Nəhayət, aparıcı özünü ələ alıb, Abutalıbovdan studiyaya zəng edən qadının həyat yoldaşını hardan tanıdığını soruşdu. Hacıbala müəllimin cavabı belə oldu: “Bəli , həmin qadının həyat yoldaşı ölməyib. Şəhidlər daim xalqın qəlbində yaşayır”.
Hacıbala Abutalıbov düz demişdi, biz də bilirik ki, şəhidlər ölməyib. Azərbaycan xalqı onların əziz xatirəsini daim yaşadır. Amma Hacıbala Abutalıbov kimi, məmurlar şəhid ailələrinin normal yaşamasına imkan vermir, onların çoxsaylı problemlərinin həlli istiqamətində heç bir addım atmırlar. Əgər belə olmasaydı, Abutalıbov “Dialoq” verilişində ondan kömək istəyən qadının çıxışını populist sözlərlə kəsməz, yardıma ehtiyacı olan şəhid ailəsinə kömək əlini uzadardı. Azərbaycan xalqı şəhidlərin xatirəsini daim uca tutsa da, məmurlar onların ailə üzvilərini süründürməklə məşğuldur.
Bu sətirlərin yazılmasına rəvac verən başqa səbəblər də var. Bu günlərdə eşitmişəm ki, Hacıbala Abutalıbov başqa bir şəhid ailəsinə də hörmətsizlik edib. Püstə adlı şəhid anası mənə dedi ki, altı–yeddi il əvvəl Yaşıllaşdırma İdarəsində işləyəndə Hökumət Evinin qarşısında Hacıbala Abutalıbovla görüşüb. Bakı merini ekranda tez–tez görən Püstə ana ondan maaşının artırılmasını xahiş edib. Amma Abutalıbov yaşlı qadına qarşı kobudluq edib. Merin bu hərəkətindən qəzəblənən Püstə xala ona şəhid anası olduğunu xatırladıb. Tərəflər arasındakı mübahisə dava-dalaşa nəticələnib. Abutalıbovun təhqirlərinə dözməyən şəhid anası qabarlı əllərini ona göstərərək, belə deyib: “Sən razı olarsanmı, arvadın 12 “şirvan” maaş üçün bu qədər əzab-əziyyətə qatlaşsın?”.
Merin cavabı Püstə ananı bu günə kimi yandırır. Abutalıbov ananı da, onun bu məsələyə aidiyyatı olmayan həyat yoldaşını da təhqir edib. Axırda da yaşı yetmişi ötmüş qadına deyib ki, özünün kasıb ərini ona tay tutmasın...
Hacıbala müəllim, düz deyirsiniz. Siz heç vaxt Püstə ananın ərinə tay ola bilməzsiniz...