Azərbaycanda Uşaq evlərində yaşayan və 18 yaşı tamam olandan sonra həmin müəssisələri tərk etməyə məcbur olan kimsəsiz gənclərin mənzil məsələsi çox ciddi problemdir. Uşaq Evindən sonra Allahın ümidinə buraxılan belə kimsəsizlərin sonrakı taleyini, hansı çətinliklərlə üz-üzə qaladıqlarını təsəvvür etmək çətin deyil. Modern.az xəbər verir ki, Nizami rayonundakı 1 saylı Uşaq Evinin lap yanında bu müəssisəni bitirəcək 18 yaşlı kimsəsiz qızlar üçün 50 mənzildən ibarət 5 mərtəbəli yaşayış binası tikilib və tam istifadəyə hazırdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə olduqca təqdirəlayiq addımdır. 1 saylı Uşaq Evinin direktoru Nərminə Zöhrabova saytımıza bildirib ki, artıq tam istifadəyə hazır olan yaşayış binasında 100 nəfər kimsəsiz qız yaşaya biləcək. Modern.az-ın əməkdaşı istifadəyə hazır olan yeni binanın mənzillərinə baxıb. Hər biri 2 nəfər üçün nəzərdə tutulan mənzillərdə gələcək sakinlərə ideal şərait yaradılıb. Mənzillərin hərəsi 1 otaq, mətbəx, vanna otağı, dəhliz və eyvandan ibarətdir. Otaqlarda yataq, stol-stul dəstləri, şkaf, mətbəxdə qaz plitəsi, paltaryuyan maşın, qab-qacaq dəstləri, vanna otağında bütün lazımi avadanlıqlar qoyulub.