Modern.az

Qəm naxışları

Qəm naxışları

Ölkə

7 Sentyabr 2011, 13:25

Tarix elmləri doktoru, professor

Publisist Vahid Qazinin “Yaddaş ləpirləri. Demokratiya yazıları” kitabı çapdan çıxıb. Kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı məqalə və esseləri daxil edilib. Annotasiyasında yazıldığı kimi kitab oxucunu müxtəlif coğrafi məkanlarla yanaşı müəllifin rastlaşdığı fərqli ictimai, siyasi, tarixi, psixoloji situasiyalarla da tanış edir: “Yaddaş ləpirləri. Demokratiya yazıları”nda toplanan esselərin, məqalələrin izinə düşüb dünyanın dörd bir yanına getmək olar. Amma yol axırda gətirib eyni ünvana çatdıracaq səni. Bu dalğa səni Bosniyadan Cənubi Afrikaya, Krımdan Polşaya, Ukraynadan Qırğızıstana, Özbəkistandan Amerikaya aparıb eyni sahilə çıxaracaq. Ağdamdan Ağdərəyə, Şuşaya yön alıb yenə eyni yerə gələcəksən. Bu ünvan, bu sahil, bu yer – azadlıq dəlisi insandır. Sənsən, əziz oxucu...”.
“MHS – poliqraf” nəşriyyatında işıq üzü görən kitabı Bakının kitab mağazalarından almaq olar. Professor Cəmil Həsənlinin kitaba yazdığı “Qəm naxışları” adlı ön sözü diqqətinizə təqdim edirik:

- Qələmindəki dərdlə oxuculara çoxdan tanış olan Vahid Qazinin “Yaddaş ləpirləri. Demok­ra­­ti­ya yazıları” əlyazmasını vərəqlədim. Müəl­li­fin uğurlu qələm təcrübəsi kimi ruhumuzu tit­rə­dən “Ruhlar şəhəri”ndən sonra nə yazacağı, oxu­culara nə təqdim edəcəyi mənim üçün ma­raq­lı idi. Dünyanın müxtəlif ölkələrinə səfər tə­əs­sürat­la­rı­nın maraqlı müşahidələri, ev içində olan söhbət­lə­rin bayırlıq tərəfləri müəllif təh­ki­yə­sində maraqlı görünürdü. Lakin kitab olacaq bu əlyazmada mə­nim üçün maraqlı süjet xətti bü­tün mətləblərin Qara­bağ dərdi üzərində qu­rul­ması idi. Başımıza gə­lən müsibətlərin ən fa­ciə­lisi də budur: Qarabağ olayları nəinki ədəbiy­ya­tımıza, bütövlükdə milli həya­tı­mıza, yaşayı­şı­mı­za, əxlaqımıza daxil ola bil­məyib.

Hərdən mənə elə gəlir ki, bu faciə toyları­mız­­­da, şənliklərimizdə Azərbaycan gəncinin, qı­­zı­­­nın, gəlininin və hətta ziyalısının “Yanıq Kə­rəm”­ə qol açıb oynadığı gündən başladı. Kə­rəm ta­­rixə yanmaq nümunəsini verdi, biz isə onun hə­lə bu gün də qövr edən dərdinin külü üs­tün­də rəqs edi­rik. Bir vaxtlar axına qarşı gedən­lə­ri Kə­rəm kimi yanmaqla qorxudurdular. Vahid Qazinin əl­yaz­masını oxuyanda istər-istəməz Na­zim Hik­mə­tin həmişəyaşar bir şeiri yadıma düşdü:

– Sen kendi sesinle kül olursun ey! 

Kerem 

gibi 

     yana 

yana...

«Deeeert 

çok, 

    hemdert 

yok» 

Yüreklerin 

kulakları 

sağır... 

Hava kurşun gibi ağır...

Ben diyorum ki ona: 

– Kül olayım 

Kerem 

gibi 

yana 

yana. 

Ben yanmasam 

sen yanmasan 

biz yanmasak, 

nasıl 

çıkar 

karanlıklar 

aydınlığa…

Kitabda yer alan yazıların coğrafiyası və möv­­zusu çox geniş olsa da, bütövlükdə bu kitab öz əriş-arğacı, öz həşyələriylə dərdin ilmə-ilmə to­xunduğu Qarabağ xalısıdır – oxucunu keçmi­şin bəxtəvər günlərinə qaytaran, bugünkü dər­di­­mizin rəng çalarlarından aynalanan Qarabağ xalısı.

Ayrılığın, həsrətin uzunluğundan yaddaşı kor­­şalmış insanlarımızın, Qarabağın gözəlliklə­ri­­ni gözləri ilə görməyən bu günkü gənclərin yurd həsrətindən mayalanmış belə kitablara bö­yük eh­ti­yacı var. Kitabda yer alan “Ölü şəhərlər muze­yi”, “Partlamayan minaların serenadası”, “Qəmli gözlərin süitası”, “Açılmayan süfrənin qonağı” və digər yazılar öz orijinallığı, səmi­mi­li­yi, dərd yü­kü­nə görə oxucunu sehrinə salır.

Qeyd etdiyimiz kimi, kitabda yer alan mə­qa­­­lələrin coğrafiyası çox genişdir. Şimali Ameri­ka­­dan tutmuş Cənubi Afrikaya qədər iştirakçısı ol­­duğu tədbirlərin qayəsi, gəzdiyi, gördüyü yer­lə­rin mənzərəsi, yol yoldaşı olduğu adamların mə­nə­vi dünyası Vahid Qazinin sətirləri ara­sın­dan çox canlı görsənir. Kitab axtarışlar üzərində qu­ru­lub: müəllif olduğu hər yerdə ədalət, və­tə­nin­də isə bütövlük və demokratiya axtarır. Bu ba­xımdan oxuculara təqdim edilən “Ağ Rusi­ya­nın qara tale­yi”, “Rusiya səfirinə məktub”, “Sus­maq hüququ”, “Demokratiyanın yarımçıq təbəs­sümü” və digər yazılar kitabı kifayət qədər ma­raqlı edir.

Kitabda maraqla oxunan daha iki yazı diq­qə­ti cəlb edir. “Bekar(a) ömür” və “Özünü axta­ran­­lar ölkəsi və ya maydan sonra gələn aprel”. Öl­kəmizin 23 aylıq şərəf nümunəsi olan Xalq Cüm­­huriyyəti tariximizə müasir baxış ikinci ya­zı­nın qayəsini təşkil edir. Müasir mədəniy­yə­ti­mi­zə baxış, qədim türk yaddaşına, adətinə, ən­ənə­­sinə və tarixinə həsr edilmiş bir filmə üç mil­yon­­luq bir türk şəhərində üç tamaşaçının tapıl­ma­­ma­sı, doğrudan da, həyəcan təbilidir. Bu təbili çalanlardan biri də Vahid Qazi və onun oxu­culara təqdim edilən “Yaddaş ləpirləri. De­mok­­ratiya ya­zı­ları” kitabıdır. Qəm naxış­la­rın­dan toxunmuş Qarabağ xalısı – bir kitab...

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı