Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrin heyət üzvlərinin iş və istirahət vaxtını tənzimləyən qaydalar hazırlanacaq.
Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi uçuş vaxtı və uçuş iş vaxtı da daxil olmaqla, heyətin iş və istirahət rejiminə dair qaydaların layihəsini dörd ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və digər aidiyyəti qurumlarla razılaşdırılacaq.
Ədliyyə Nazirliyinə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının qanuna və onun tətbiqi ilə bağlı Prezident fərmanına uyğunlaşdırılması üzrə təklifləri beş ay ərzində hökumətə təqdim etmək tapşırılıb.
Sərəncam noyabrın 25-də, imzalandığı gün qüvvəyə minib.