Noyabrın 17-də Bakının Binəqədi rayonundakı 2 nömrəli Evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş 6 doqquzmərtəbəli yaşayış binasının açılışı olsa da, yeni sakinlərin mənzillərinə köçürülməsi ləngiyirdi. Nəhayət dekabrın 2-dən məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsinə başlanılıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Modern.az-a açıqlamasında
köçürülmənin davam etdiyini bildirib: “Dünən 103 ailə mənzillərinə köçürülüb. Bu gün də köçürmə prosesi davam etdirilir. Yəqin ki, 3-4 günə köçürmə işləri tam başa çatdırılacaq”.
Sənan Hüseynov mənzillərin bütün rayonlardan məcburi köçkün düşmüş ailələrə verildiyini deyib: “Öz yurd-yuvalarından məcburi köçkün vəziyyətinə düşən və şəraiti dözülməz olan ailələrə evlər verilib. Mənzillərdəki şərait tam qaydasındadır”.
Xatırladaq ki, bir neçə gün öncə məcburi köçkünlərin yeni binalara köçürülməsinin ləngiməsi səbəbini mətbuat katibi “Dövlətqaçqınkom”un işçi qüvvəsinin az olması ilə əlaqələndirmişdi.
Onu da qeyd edək ki, bu yaşayış kompleksinin yerləşdiyi ümumi ərazi 3 hektardır. Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilib. Mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır. “Dövlətqaçqınkom”un məlumatına görə, yaşayış binalarının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. Burada qazanxana, nasosxana, transformator yarımstansiyasının tikildiyi, mənzillərə telefon, su və qaz xətlərinin çəkildiyi bildirilir.
Günay MUSAYEVA