Modern.az

Türk filmlərinin Azərbaycan dilində dublyajı narazılıq yaradıb

Türk filmlərinin Azərbaycan dilində dublyajı narazılıq yaradıb

Ölkə

14 Sentyabr 2011, 13:40

Nizami Cəfərov: “Telekanallarımızın məsuliyyətsizliyi və tənbəlliyi səbəbindən məlum qadağa qüvvəyə mindi

Fehruz Şamıyev: “Bu, bir növ bizim Türkiyə ilə viza rejiminin saxlanmasına oxşayır”


Bir neçə il öncəyədək türk filmləri Azərbaycan teleməkanında Türkiyə türkcəsində sərbəst nümayiş etdirilirdi.  O zaman telekanallarımızda Türkiyə türkcəsində izlədiyimiz filmlərdə hər şeyi anlayırdıq. Azərbaycan Milli Teleradio Şurası (MTRŞ) 2009-cu ilin yanvarında digər əcnəbi dillərlə yanaşı, Türkiyə türkcəsində yayımlanan filmlərə qadağa qoydu və sonra telekanallarımızda türk serial və filmlərinin nümayişi dayandırıldı. Uzunmüddətli fasilədən sonra ANS buzu sındıraraq türk filmlərini Azərbaycan dilinə dublyaj edib nümayiş etdirir.
Bir vaxtlar sevə-sevə baxdığımız türk filmlərinin bu cür tərcümə ilə nümayişi adamı darıxdırır. Dublyaj olunmuş türk filmlərini sonadək izləməyə hövsələmiz çatmır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov da hesab edir ki, hər filmə çəkildiyi dildə baxmaq daha yaxşıdır. Onun sözlərinə görə, tərcümə olunan filmlərdə orijinal versiyada olan intonasiyanı, effekti hiss etmək mümkün deyil:
“Mən şəxsən türk, türkmən, özbək filmlərinin Azərbaycan dilinə tərcümə olunmasına meyilli deyiləm. İstənilən film yarandığı dildə gözəldir. Ancaq dövlətin dil siyasəti baxımından istənilən film Azərbaycan dilinə tərcümə olunmalıdır. Mən əslində bunun tərəfdarıyam ki, türkcə filmlər elə türkcə nümayiş etdirilsin, amma bundan sui-istifadə edilməməsi şərtilə”.

N.Cəfərov məlum qadağanın qoyulmasının səbəbkarının elə televiziyaların özlərinin olduğunu qeyd edib. O bildirib ki, telekanallar filmləri tərcümə etməyə maliyyə vəsaiti ayırmaqda xəsislik edirdilər və nəticədə nəinki türk filmlərini, eləcə də başqa dillərdən türkcəyə çevrilmiş filmləri də olduğu kimi efirdə verirdilər: “Nəticədə artıq bütün efiri türk dilində səslənən filmlər zəbt etmiş oldu. Telekanallarımızın məsuliyyətsizliyi və tənbəlliyi səbəbindən məlum qərar qəbul olundu. Amma mən əminəm ki, gələcəkdə onların tərcüməsinə ehtiyac olmayacaq. Çünki tərcümə orijinal filmdəki effekti, intonasiyanı vermir”.

Millət vəkili eyni zamanda Bakıdakı kinoteatrlarda filmlərin rus dilində nümayiş etdirilməsinə də münasibət bildirib. O qeyd edib ki, istənilən dildə çəkilmiş film kinoteatrlarımızda Azərbaycan dilinə tərcümə olunduqdan sonra verilməlidir.

“İndi isə tərcümənin müxtəlif növləri var: subtitrlər vasitəsilə, film tam tərcümə olunmaqla və ya səhnənin arxasında tərcüməçinin iştirakı ilə. Dünya ölkələrinin əksəriyyətində bu belədir. Həm də bizim dövlətimizin siyasəti və “Dövlət dili haqqında” qanunumuz var. Yəni hansı texniki üsulla olursa olsun, filmlər kinoteatrlarda tərcümə ilə verilməlidir”.

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev də hesab edir ki, orijinal türk filmləri  Azərbaycan dilinə tərcümə edildikdən sonra bərbad hala düşür: “Qanuni tərəfdən yanaşanda türkcə filmlərin Azərbaycan dilinə tərcümə edilməsində problemli məsələ yoxdur. Amma dilimizin Osmanlı türkcəsinə yaxın olması tərcümə ilə bağlı problemləri ortaya çıxarır. Türkiyə türkcəsində olan filmlərin Azərbaycan dilinə tərcümə edilməsi məni qane etmir. Bu yaxınlarda Kann film festivalında mükafat almış və mənim ən sevdiyim filmlərdən biri olan “Uzak” televiziyalarımızın birində nümayiş olundu. Təsəvvür edin, filmin orijinalı türkcədir, amma Azərbaycan dilinə tərcümədən sonra film bərbad hala düşüb”.

F.Şamıyev düşünür ki, filmlərin tərcüməsi ilə bağlı hansısa ekspert qrupu yaradıla bilər.
Onun sözlərinə görə, məhz onlar təyin edə bilər ki, Osmanlı türkcəsində olan filmlər bizim efirimizdə nümayiş olunsun və ya yox: “Bunu məncə Milli Məclisin Mədəniyyət komitəsindən də tələb etmək olar. Onlar da öz imkanları çərçivəsində Milli Teleradio Şurasından bunu tələb edə bilərlər. Məncə Türkiyə filmləri televiziya kanallarında orijinal dildə nümayiş olunmalıdır”.

Fehruz Şamıyevin fikrincə, filmlərin orijinal dildə verilməməsi dövlət tərəfindən həyata keçirilir: “Bu, bir növ bizim Türkiyə ilə viza rejiminin saxlanmasına oxşayır. Bu yaxınlarda dövlət nümayəndələri bununla bağlı açıqlama verdilər ki, Azərbaycan viza rejiminin götürülməsinə hazır deyil. Viza rejimi və efirimizdəki qadağa götürülsə, Türkiyə Azərbaycanı mədəni mənada həzm edə bilər” deyə kinoprodüser bildirib.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı